“ZAKİR NƏSİROV AZADLIĞA ÇIXA BİLƏR...” - Ömürlük alan generalın vəkili danışdı
"AzerTaym.az" bildirir ki,“Qafqazinfo” ömürlük azadlıqdan məhrum edilən general Zakir Nəsirovun işinə yenidən baxılması və azadlığa çıxması ehtimallarını dəyərləndirmək üçün generalın vəkili ilə əlaqə saxlayıb. Vəkil Adil İsmayılov bildirib ki, Z.Nəsirovun da H.Məmmədovun verdiyi son açıqlamalardan xəbəri var: “Zakir Nəsirov ailəsi ilə görüşə bilir, saxlanma şəraiti və səhhəti ilə bağlı heç bir problemi yoxdur. Özünü yaxşı hiss etdiyini bildirib. Hacı Məmmədovun açıqlamalarından da xəbəri var. Ümid edir ki, iş yenidən araşdırılacaq və ədalət zəfər çalacaq. O, etmədiyi bir cinayətə görə məhkum olunub, bəraət alıb azadlığa çıxacağı günü gözləyir”.
Generalın vəkili işin yenidən araşdırılacağı təqdirdə Z.Nəsirovun istintaqa yenidən ifadə verəcəyini və yeni faktlar açıqlayacağını deyib: “Nəsirov 8 iyun 2005-ci ildə həbs edilib, istintaqda və 2006-cı ildən 2008-ci ilə qədər davam edən bütün məhkəmə proseslərində müdafiə etdiyim şəxs Hacı Məmmədovun onun haqqında yalan ifadələr verdiyini bildirib. Hazırda onun həbsdə olmasının yeganə səbəbi də, məhz Hacı Məmmədovun qərəzli və ziddiyyətli ifadələridir. Onun bu ifadələrindən başqa, nə istintaqa, nə də məhkəməyə Nəsirov barəsində heç bir sübut təqdim olunmamışdı. Məmmədov ifadəsini dəyişdikdən sonra isə şərait dəyişir və Zakir Nəsirov haqq etdiyi azadlığa çıxa bilər”. Onu da qeyd edək ki, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə əfv sərəncamının veriləcəyi gözlənilir. Hüquq-müdafiəçiləri budəfəki əfv siyahısında məşhur məhkumların da olacağını istisna etməyiblər. 70-ə yaxın yaşı olan generalın əfv üçün müraciət edib-etmədiyinə gəlincə, vəkil bildirib ki, işin yenidən araşdırılması çox uzun bir prosedur olacaq və xeyli zaman alacaq, lakin dövlət başçısı istərsə onu əfv edə bilər: “Zakir Nəsirovun barəsində olan cinayət işinə yenidən baxılması və ona bəraət verilməsi prosesi çox uzun çəkəcək. Əgər prezident İlham Əliyev istərsə, Zakir Nəsirovu birinci mərhələdə əfv edə bilər. Bundan sonra isə işə yenidən baxılması prosesi qanuna müvafiq qaydada davam etdirilə bilər. Məhkəmə təcrübəsində və mənim şəxsi vəkillik təcrübəmdə də bu kimi hallar dəfələrlə yaşanıb.
Bizim qanunvericilikdə işə yenidən baxılması proseduru nəzərdə tutulub. Cinayət-Prosessual Məcəlləsində bu yeni açılmış hallar üzrə icraat adlanır. Cinayət prosesinin tərəfləri yeni sübutlar gətirildikdə, məsələn iş üzrə ittiham hökmü çıxarılmasına səbəb olan ifadələr dəyişdiyi təqdirdə Ali Məhkəmənin plenumuna müraciət edilməlidir. Ya Prokurorluq, ya da ittiham olunan tərəf özü müraciət edərək hökm çıxarılandan sonra o vaxt məlum olmayan bəzi halların ortaya çıxdığını bildirir və Plenuma çıxarılana qədər bu məsələnin araşdırılması Ali Məhkəmənin hər hansı bir hakiminə həvalə edilir. Hakim isə gətirilən faktların heç bir əhəmiyyəti olmadığını bildirərək icraatda təzələməkdən imtina edə, yaxud yeni açılmış halların ətraflı araşdırılmasına ehtiyac olduğu qərarına gələ bilər. Belə araşdırma Ali Məhkəmə Sədri tərəfindən respublika prokurorluğuna həvalə edilir. Araşdırmanın nəticələri yenidən həmin hakimə təqdim edilir. Hakim yeni açılmış hallara görə işə Ali Məhkəmənin Plenumunda baxılması qərarına gələrsə Ali Məhkəmənin Sədri işi baxılması üçün Plenuma çıxarır. İş Plenumda baxıldıqdan sonra əvvəlki məhkəmə qərarları ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılır. Apellyasiya məhkəməsi iş üzrə hökmü ləğv edərək yeni qərar qəbul edə, ya da işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytara bilər. Şəxsə qarşı irəli sürülən ittihamlar təsdiqini tapmasa, birinci instansiya məhkəməsi bəraət hökmü çıxara bilər. Gördüyünüz kimi müəyyən qədər vaxt aparacaq məsələdir. Ona görə hesab edirəm ki, indiki məqamda bizim üçün də ən yaxşısı o olardı ki, prezident İlham Əliyev Zakir Nəsirov haqqında əfv fərmanı verərdi, o, azadlığa çıxardı və bundan sonra isə bu prosedur öz qaydasında davam etdirilərdi. Bir daha qeyd edim ki. son nəticədə Nəsirovun bəraət alması bu işin ən ədalətli və obyektiv nəticəsi olardı.”. Onu da qeyd edək ki, Zakir Nəsirovun ailəsi işin yenidən araşdırılması üçün dövlət başçısına və prokurorluğa müraciət edib. Xatırladaq ki, Zakir Nəsirov Hacı Məmmədov başda olmaqla 2005-ci ilin martın 10-da MTN-in keçirdiyi “Qara Kəmər” əməliyyatı zamanı həbs olunub və ömürlük həbs cəzasına məhkum edilib.