Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ən sadiq adamlarından biri, “Akula Akif” kimi tanınan Akif Mustafayevlə bağlı redaksiyamıza yenə məlumat daxil olub. Xəbər verdiyimiz kimi, Akif İsmayıl oğlu Mustafayev özünü iş adamı kimi tanıtsa da, əslində onun əsas vəzifəsi imkanlı iş adamları haqda MTN-dəki mütəşəkkil qruplaşmaya dosye toplayıb çatdırmaqdan ibarət olub.
“Akula Akif”nın sxeminə əsasən MTN həmin iş adamları barədə dosyeləri aldıqdan sonra onları izləyir və əvvəlcədən quraşdırılan ittihamlarla həbs edirdi. “Akula Akif” hər belə “əməliyyat”dan sonra dövriyəyə girib həbs olunan şəxsin yaxınları ilə MTN-dəki qruplaşma arasında vasitəçilik edib. Ona həbs olunan şəxsin yaxınlarından alınan milyonlardan pay veriblər. “Akula Akif” MTN-dən “xilas etdiyi” iş adamlarının biznesinə gələcəkdə bu kimi problemlərdən sığortalanmaq üçün himayədarlıq edib və onların biznesinə 25-30 faiz payla şərik olub.
Aldığımız son məlumatda deyilir ki, “Akula Akif”in Vilayət Qələndərli soyadlı bir biznesmen ortağı olub. Mənbə bildirir ki, V.Qələndərli “Akula Akif”ə çirkin işlərdə yaxından kömək edib və ona şərik olub. Vilayət Qələndərli hazırda azadlıqdadır. “Akula Akif”in sayəsində onun yaxınları hazırda dövlət işində işləyirlər. Onlardan biri də Vilayət Qələndərlinin oğlu Taleh Qələndərli olub. O, MTN ləğv olunana qədər qurumun tabeliyindəki rayon şöbələrindən birində rəhbər vəzifədə işləyib.
Mənbə Vilayət Qələndərlinin bacanağı haqda da məlumat verib. Qeyd edib ki, 3-cü mikrorayonda baytar həkim işləyən həmin şəxs “Akula Akif”in xahişi ilə Bakı Şəhər Bayatarlıq İdarəsinə rəhbər vəzifəsinə gətirilib.
Yada salaq ki, Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi 2013-cü ildə dəyişdirlib. Həmin ilin dekabrında Aslan Aslanov idarəyə rəis təyin olunub.
E.HÜSEYNOV (musavat.com)
P.S Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.