“ABŞ Konqresinə Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı layihə təqdim olunması xəbərlərinin yayılmasının Avropa Şurası baş katibinin Azərbaycana araşdırıcı missiya göndərməsi qərarı ilə eyni vaxta düşməsi təsadüf deyil və bunun özü hər şeyi açıq ortaya qoyur”
Bunu APA-ya açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, ABŞ-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Səməd Seyidov ABŞ Konqresinə Azərbaycanda yüksək vəzifəli şəxslərə qarşı sanksiyaların tətbiq olunması barədə layihənin təqdim olunmasına münasibət bildirərkən deyib.
S. Seyidov qeyd edib ki, hazırda maraqlı proseslər gedir: “Bu, növbəti anti-Azərbaycan dalğasının başlanmasının işartılarıdır. Biz hesab edirik ki, ABŞ tərəfindən hansısa anti-Azərbaycan sanksiyalarının tətbiq olunması, yaxud bununla bağlı işlərin aparılması reallığı əks etdirməyən məsələlərdir. Bu cəhdlər dəfələrlə olub və əminəm ki, bundan sonra da bu qüvvələr Azərbaycana qarşı işləyəcək. Amma zaman göstərir ki, bu kimi təşəbbüslərin heç bir faktiki əhəmiyyəti olmur, ola da bilməz. Eyni zamanda bu addımlar daha çox həmin sanksiyaları tətbiq edən ölkələrin özünə təsir göstərəcək".
Xatırladaq ki, ötən gün ABŞ Helsinki Komissiyası Kris Smitin (Nyu-Cersi ştatı 04) rəhbərliyi altında Konqresə qanun layihəsi təqdim edib. Bu qanun layihəsi Azərbaycan hökumətinin bəzi yüksək vəzifəli üzvlərinə viza verilməsinə qadağalar tətbiq olunmasını nəzərdə tutur.