Əhməd Vəliyevin universiteti və bankı iflasın astanasında

 

 

 

bitmap-img6

 

 

“MTN işi”nə görə adı hallanan “Odlar Yurdu” Universiteti və “Muğanbank” çökür 
Sabiq millət vəkili Əhməd Vəliyevə bağlı olan təsisatların başı üzərini qara buludlar alıb. Etibarlı mənbələrdən “Unikal” qəzetinə sızan məlumatlara görə, Əhməd Vəliyevin birbaşa nəzarətində olan “Odlar Yurdu” Universiteti və “Muğanbank” əvvəlki etimadını itirdiyindən ciddi risklərlə üz-üzədir:
“İndiki halda nə “Odlar Yurdu” Universitetinə, nə də “Muğanbank”a qarşı hansısa təzyiqlərin olduğunu iddia etmək doğru olmazdı. Adıçəkilən hər iki qurumda işlərin “axsaması” sadəcə olaraq Əhməd Vəliyevin adının arzuolunmaz olaylarda hallanmasıdır ki, bu da istər-istəməz həm “Odlar Yurdu” Universitetində, həm də “Muğanbank”da problemlərin yaranması ilə müşaiyyət olunur. Hazırda tələbələrin “Odlar Yurdu” Universitetindən digər ali təhsil ocağına transfer olunmaq meyli müşahidə olunur ki, bu da Əhməd Vəliyevin “vurulacağı” haqda informasiyaların kütləviləşməsinin nəticəsidir. Eyni zamanda müştərilərin “Muğanbank”dakı əmanətlərini kütləvi şəkildə çıxartmaları da eyni prosesin tərkib hissəsi sayılmalıdır. Qeyd edək ki, məlum “dollar ajiotajı” fonunda digər bankların fəaliyyətində də müəyyən problemlər yaranıb. Amma “Muğanbank”dakı problemlər miqyasına görə digərlərindən fərqlənir. İndi həm dollar ajiotajı, həm də bankın sahibi Əhməd Vəliyev haqda heç də xoş olmayan iddiaların səslənməsi “Muğanbank”a müştəri etimadını sıfıra endirib. Əhməd Vəliyevin formalaşan yeni parlamentdə təmsil olunmaması da etimadsızlıq mühitinin formalaşmasında böyük rol oynayıb”.
Məlumat üçün bildirək ki, bir müddət öncə “Unikal” qəzeti “Muğanbank”la bağlı jurnalist araşdırması aparmış və ortaya çox ciddi faktlar qoymuşdu. Sözügedən araşdırmada bildirilirdi ki, yaxın günlərdə məlum “MTN işi”nə görə adı ətrafında böyük qalmaqalın yaşanacağı gözlənən banklardan biri “Muğanbank”dır. Daxil olan informasiyada həmçinin iddia olunur ki, əslində adıçəkilən bank keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyevin şərikli müəssisəsidir. Onların “Muğanbank”dakı işlərini isə Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovla, Əhməd Vəliyevin kürəkəni, eyni zamanda “Muğanbank”ın Müşahidə Şurasının sədri Elmir Mehdiyev həyata keçirib. 
Xatırladaq ki, haqqında səsləndirilən bu ittihamlarla bağlı Əhməd Vəliyev heç bir reaksiya vermədi. Belə ki, o nə haqqında sərt ittihamlar səslənən “Unikal” qəzetində, nə də digər mətbu orqanda çıxış edərək ittihamları təkzib etmədi. Bu isə haqlı olaraq ictimai rəydə ittihamların doğru olduğu qənaətini möhkəmləndirdi.
Əslində Əhməd Vəliyevin haqqında yazılanları təkzib etməsi də asan deyil. Axı, ortada elə həqiqətlər və faktlar var ki, bunları təkzib etmək sadəcə mümkün deyil. Gəlin, “Muğanbank”ın doğrudan da Əhməd Vəliyevə məxsusluğunu isbat edən təkzibolunmaz faktlara göz ataq. Qeyd edək ki, bunu sübut etmək üçün heç də “dağa-daşa düşməyə” ehtiyac yoxdur, bankın rəsmi saytı hər şeyi özü yazıb. Beləliklə, “Muğanbank”ın sahibi kimdir?
Qeyd edək ki, səhmdarların bankın nizamnamə kapitalında payı bölməsində payçıların adları göstərilir - Mehdiyev Elmir Maqbet oğlu - 63,50 % (Ə.Vəliyevin kürəkəni, eyni zamanda bankın Müşahidə Şurasının sədri - red.), Vəliyeva Vəfa Əhməd qızı - 12,05 % (Əhməd Vəliyevin qızı - red.), Mehdiyev Maqbet Rəhim oğlu - 13,10% (Ə.Vəliyevin qudası, Tibb Universitetinin dosenti, biologiya elmləri namizədi - red.) Mehdiyeva Fəridə Cahandar qızı - 11.35 % (Ə.Vəliyevin qudası - red.)
Yeri gəlmişkən, Ə.Vəliyevin sahibi və rəhbəri olduğu Odlar Yurdu Universitetinin bank hesabları da bu bankdadır. Beləliklə, aydın olur ki, “Muğanbank” Əhməd Vəliyevin hansı açıqlama verməsindən asılı olmayaraq ona və ailə üzvlərinə məxsusdur.
Mənbə isə “Unikal”ın əməkdaşına bildirib ki, Əhməd Vəliyev güclü arxası olmadan respublikada bank sahibinə çevrilə bilməzdi, bu işdə onun əsas himayədarı və biznes ortağı isə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov olub. Elə adıçəkilən bankın idarəçiliyində də əsas söz sahibləri onların yaxın qohumları - Eldar Mahmudovun köməkçisi, eyni zamanda əmisi oğlu Vüqar Mahmudov və Əhməd Vəliyevin kürəkəni Elmir Mehdiyevdir. Daxil olan məlumatda həmçinin iddia edilir ki, sabiq MTN şefinin “qara pulları” məhz bu bank tərəfindən realizə edilirmiş.
Bütün bu iddiaların ölkə mediasında geniş rezonans doğurması isə Əhməd Vəliyevin univeristetində və bankında ciddi problemlərin artmasına səbəb olub.






Fikirlər