SABİQ DEPUTAT VƏ BANK RƏHBƏRİ 2 MİLYARD TALAYIB - Yeni faktlar

 

124409_res_01Bir gün əvvəl Britaniyanın məşhur geyim mağazaları brendi Harvey Nichols ötən il gəlirlərinin 30 faiz azaldığını və bunun səbəblərindən birinin  Azərbaycandakı uğursuz fəaliyyəti olduğunu açıqlayanda keçmiş deputat-oliqarx Dünyamin Xəlilovun adı yenidən media gündəminə gəldi.

Virtualaz.org Britaniya biznes-mediasına istinadən xəbər vermişdi ki, “Harvey Nichols”  Azərbaycanda keçmiş deputatın adına olan “General Construction” adlı offşor şirkətlər françayzinq müqaviləsi əsasında ona məxssu “Globus Plaza”da fəaliyyətə başlasa da cəmi 4 ay sonra partnyorların öhdəliklərini pozması səbəbindən müqaviləni dayandıraraq ölkəni tərk edib.

Bu, həmin Dünyamin Xəlilovdur ki, ötən il onun adı Azərbaycan Beynəlxalq Bankından milyardlarla manat kreditin talanması işində keçirdi, hətta 2015-ci ilin may ayında barəsində həbs-qətimkan tədbiri də seçilmişdi. Lakin nə sirr idisə Dünyamin Xəlilov azadlıqda qalmışdı.Əvəzində onun şirkətinin heç bir səlahiyyət daşımayan 7 əməkdaşı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) zirzəmisinə salınmışdı. Çünki Cahangir Hacıyev və ortaqları bu dəfə də tanış dələduzluq sxemini işə salmışdılar-nəhəng məbləğlərdə kreditlər Dünyamin Xəlilovun şirkətində faktiki olaraq dəftərxana işçisi, elektrik və digər xırda-para işlərdə işləyən adamların adına rəsmiləşdirmişdi.
Britaniya brendinin Azərbaycandakı uğursuz tərəfdaşlıq barədə açıqlamasının yaylmasından sonra jurnalistlər adı bir müddət məbuat səhifələrində görünməyən Dünyamin Xəlilovun indi harada olduğunu araşdırmağa çalışdılar. Və məlum oldu ki, keçmiş deputat elə bir neçə gün əvvəl həbs edilibmiş.
Virtualaz.org istintaqa yaxın mənbələrdən dəqiqləşdirib ki, Dünyamin Xəlilov Azərbaycan Beynəlxalq Bankından nəhəng məbləğlərdə kredit götürərək onu “General Construction” MMC-nin, habelə digər offşor şirkətlərin adına rəsmiləşdirib. Mötəbər mənbələrdən saytımıza bildiriblər ki, Dünyamin Xəlilovun Beynəlxalq Bankdan götürdüyü kreditlərin məbləği 2 milyard manata yaxındır.

Mənbə bildirib ki, ötən il dekabrın 29-da Dünyamin Xəlilov dindirilmək üçün növbəti dəfə “Bandotdel”ə çağırılıb və bu dəfə oradan çıxmayıb. Onu həbs ediblər, ertəsi gün dekabrın 30-da isə keçmiş deputatın 8 aya yaxındır həbsdə olan 5 keçmiş əməkdaşı azadlığa buraxılıb.
Bu arada Dünyamin Xəlilovun ortağı Cahangir Hacıyevi də saxlanıldığı Kürdəxanı təcridxanasından “Bandotdel”ə aparıblar və vəkili onun 10 gün orada saxlanılacağını açıqlayıb. Belə görünür ki, keçmiş bankiri milyardlarla manat vəsaiti talayan, kredit adı altında götürüb batıran ortaqları ilə üzləşdirəcəklər.
Xatırladaq ki, 2005-ci ildə Dünyamin Xəlilov Beynəlxalq Bankın səhmdarlarından biri idi. O, 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub, Cahangir Hacıyevin qohumudur və keçmiş milli-təhlükəsizlik naziri Eldar Mahmudova yaxın adam kimi tanınıb.
D.Xəlilov uzun müddət C.Hacıyevə məxsus “Şəki Bazar” ASC-ni və “Şəki Ət Kombinatı” ASC-ni idarə edib.  Ümumiyyətlə Beynəlxalq Bankın talanan vəsaitlərinin bir ucu əksər hallarda Şəkiyə gedib çıxır. Dünyamin Xəlilov isə həm də Şəkinin fəxri vətəndaşı olub. Şəki rayon icra hakimiyyətinin “İpəkçi” qəzetində 2012-ci ilin dekabrında dərc edilmiş məlumatda oxuyuruq:“ Dekabrın 26-da Şəkidə şəhər İcra hakimiyyəti tərəfindən ilin yekunlarına həsr olunmuş bayram tədbiri keçirilmişdir. Tədbirin sonunda müxtəlif nominasiyalar üzrə Şəhər İcra Hakimiyyətinin təsis etdiyi “Zirvə” mükafatına layiq görülmüş 19 şəxsin adı açıqlanmaqla yanaşı, bir nəfər – “Şəkinin Mədəni İrsinin Qorunmasına Dəstək” İctimai Birliyinin sədri cənab Dünyamin Xəlilov isə Şəkinin fəxri vətəndaşı elan edilmişdir. Şübhəsiz, Şəhər İcra Hakimiyyətinin cənab Dünyamin Xəlilova belə yüksək etimadı, il ərzində Şəkidə vüsət almış geniş abadlıq-quruculuq işlərində onun məxsusi rolu ilə əlaqədardır”.

Lakin bu milyardlarla manatlıq dələduzluq sxemində Cahangir Hacıyev və Dünyamin Xəlilov tək deyil. Həmin “General Construction” şirkətinin digər ortağı, hazırda Fransada sərbəst gəzib-dolaşan və biznes fəaliyyətini davam etdirən  Xaqani Bəşirovdur.
Virtualaz.org dəqiqləşdirib ki, həm Fransa, həm Azərbaycan vətəndaşlığı daşıyan Xaqani Bəşirovun adına təxminən iki il əvvələ qədər 14 offşor şirkət olub, hazırda isə o, 2 şirkətdə direktor kimi qalır. Bunlar Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş “Java Investments Management PLC” və “ V.e.s Consultancy (Uk) LTD” şirkətləridir. Qalanlarında isə iştirakını dayandırıb.

 






Fikirlər