HİCRAN HÜSEYNOVa ilə bağlı RÜŞVƏT qalmaqalı BÖYÜYÜR

Xəbər verdiyimiz kimi, vəkil Adəm Məmmədov adını açıqlamaq istəmədiyi müvəkkilinin Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovaya işə düzəlmək məqsədilə 170 min dollar verdiyini iddia edib.
Sözügedən Komitənin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov isə pul verilməsi məsələsini təkzib edib. Bildirib ki, məsələ hazırda araşdırılır və nəticədən sonra hər şey bəlli olacaq.
“Qafqazinfo” məsələ ilə bağlı bu gün yeni məlumatlar əldə edib. Vəkil Adəm Məmmədov “Qafqazinfo”ya bildirib ki, müvəkkili Hicran Hüseynovanın yerlisidir, yəni hər ikisi Qubadlı rayonundandır: “O adının hələ ki ictimaiyyətə açıqlanmasını istəmir. Rayonlarında tanınan şəxsdir. Əlimizdə Hicran Hüseynovaya, o cümlədən aparat rəhbəri Səfər İmanova qarşı ittiham irəli sürmək üçün ciddi sübutlar var. Məlumatları açıqlasaq, bu, istintaqın gedişinə maneçilik törədər. İş hazırda prokurorluqda araşdırılır”.
Vəkil bildirib ki, sözügedən problem 2012-ci ildən bəri davam edir: “Müvəkkilim dəfələrlə pulu geri almaq üçün Hicran Hüseynova və Səfər İmanovla görüşüb. Axırıncı dəfə yanvarın 31-nə pulu qaytaracaqlarına söz veriblər. O tarixdən etibarən də Səfər İmanov ölkədən qaçıb. Əslində, müvəkkilim adi bir iş üçün Hicran Hüseynovaya müraciət edib. Amma Hicran Hüseynova özü ona icra başçsının müavini təyin etməklə bağlı təklif irəli sürüb. Baxıblar ki, adamın imkanı var, ona görə bu işi təklif ediblər. Bu məsələdən sonra isə müvəkkilim müflis vəziyyətə düşüb”.
 "AzerTaym.az"
 
 
 






Fikirlər