«Gulf Drilling Azerbaijan» şirkətində insan amili ARXA PLANDADIR
Bu şirkət vasitəsilə hər il milyonlarla vəsaitin silindiyi iddia olunur. AzerTaym.az
Baş direktor İlham Babayev işçiləri ağır şəraitdə işlətməklə mövcud qanunların tələbini pozur.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) «Gulf Drilling Supply FZE» servis şirkətinin Azərbaycandakı törəmə müəssisəsi olan "Gulf Drilling Azerbaijan”la bağlı mətbuata maraqlı məlumatlar daxil olub. İnformasiya sızdıran mənbə bildirir ki, İlham Babayevin baş direktor olduğu şirkətdə fəhlələrin əmək hüquqları kobudcasına pozulur:
«İlk öncə onu demək istəyirəm ki, adıçəkilən şirkət qazma qurğuları sahəsində fəaliyyət göstərir. Neft və qaz yataqlarında qazma, köhnə quyularda əsaslı təmir işləri həyata keçirirlər. Şirkətin əsas sifarişçiləri arasında "AzGerneft” MMC-nin adı ön sırada gedir. Bu müəssisə üçün ötən müddət ərzində bir neçə quyu qazılıb. "Gulf Drilling Azerbaijan” şirkətinin direktoru İlham Babayev insan amilinə demək olar ki, önəm vermir.
Belə ki, quyuların qazılmasına, eləcə də təmir işlərinə cəlb edilən fəhlələr təhükəsizlik qaydalarına əməl edilmədən ağır şəraitdə işlədilir. Bu səbəbdəndir ki, iş prosesində fəhlələrin əksəriyyəti müxtəlif dərəcəli bədən xəsarətləri alır.
Bəzi hallarda işçilərin maaşı vaxtında verilmir. Bundan başqa, şirkət rəhbərliyi ölkə qanunlarının tələblərini pozaraq işçiləri iş saatından artıq işlədir. Amma bunun müqabilində işçilərə əlavə iş saatına görə artıq maaş yazılmır. Şirkətin quruda yerləşən neft və qaz yataqlarında, Xəzərətrafı regionlarda neft, qaz və su quyularının qazılması, quyuların əsaslı təmiri, neft hasilatının artırılması istiqamətində fəaliyyəti demək olar ki, heçə bərabərdir.
2007-ci ildən Azərbaycanda fəaliyyət göstərən bu şirkət bəzi məmurların şəxsi maraqlarına xidmət edir. Onlar bu şirkətin vasitəsilə külli miqdarda vəsait silirlər».
«Gulf Drilling Azerbaijan» şirkətinin sifarişçilərinə nəzər salanda görürük ki, «Suraxanı Oil” ƏŞ, "Balaxanı Oil” ƏŞ, "Bahar Energy” ƏŞ, "Qarasu” ƏŞ, "Gobustan” ƏŞ və "Binaqadi Oil” ƏŞ, "Shirvan Oil” ƏŞ, "Azərsu” ASC, habelə "AzGerneft” MMC kimi şirkətlərin adı var. Bu isə o deməkdir ki, sözügedən şirkət hər il milyonluq layihələrə cəlb edilir. Şirkətdə cərəyan edən qanunsuzluqlarla bağlı başqa məlumatlar da var. Həmin informasiyalar ətrafında geniş araşdırma apardıqdan sonra yaxın günlərdə böyük yazı hazırlayacağıq.