Ukraynadakı yüksək vəzifəli azərbaycanlının - 8 MART qalmaqalı
Ukraynada yüksək vəzifə tutan həmvətənimiz, Dövlət Fiskal Xidmətinin rəisi Roman Nəsirovun 8 Mart hədiyyəsi gündəm yaradıb. AzerTaym.az xəbər verir ki, Nəsirov Beynəlxalq Qadınlar Günü münasibətilə Ali Radanın sədr müavini Oksana Sıroidə “Coco Chanel” ətri göndərib. Həmin xanım isə hadisəni aktlaşdıraraq hədiyyəni Ali Rada aparatına təhvil verib və məsələni ictimailəşdirib. Bu barədə politoloq Şahin Cəfərli məlumat yayıb: “Ukrayna qanunvericiliyinə əsasən dövlət nümayəndələri yaşayış minimumundan 2 dəfə çox qiymətə malik hədiyyələr qəbul edə bilməz. Roman müəllim həm ölkəsinin qanunlarından xəbərsiz olduğunu nümayiş etdirməklə, həm də qaynağı naməlum hədiyyələr paylamaqla özünü pis vəziyyətdə qoyub. Hazırda Ukraynada hökumətin tərkibinin yenilənməsi ciddi müzakirə olunur. Qurulacaq yeni hökumətdə Nəsirovun yer alması gözlənilmirdi, bu hadisə də ona əlavə mənfi xal qazandırıb”. Şahin Cəfərli daha əvvəl də Ukraynada bənzər hadisəsin olduğunu xatırladıb: “Təəssüf ki, bizimkilər çox vaxt bu tip neqativ olaylarla gündəmə gəlir. 2014 Maydan inqilabı günlərində Ukraynadakı diasporamızın rəhbərinin idarə etdiyi “Bentley” Kiyevdə buzlu yolda sürüşərək nümayişçilərin qurduğu barrikadaya çırpılmışdı. Qardaş inqilabda iştirak etməməsi bir yana, üstəlik camaatın əziyyətlə yaratdığı barrikadanı zədələmişdi...”