“Zakir Nəsirov özü də məhkəmə prosesində deyirdi ki, ona o vaxt müxtəlif təkliflər olmuşdu. Məsələn, ona təklif olunmuşdu ki, Daxili İşlər Nazirliyi rəhbərliyinin Hacı Məmmədovu himayə etməsi və bu işlərdən xəbəri olması haqda ifadə versin”.
Bunu hazırda həbsdə olan DİN-in Baş CinayətAxtarış İdarəsinin sabiq rəisi Zakir Nəsirovun vəkili Adil İsmayılov “Azadlıq” qəzetinə müsahibəsində deyib.
O, bildirib ki, bu kimi təkliflərə baxmayaraq, Z. Nəsirov razı olmayıb: “Zakir Nəsirova belə bir ifadə vermək təklif olunmuşdu ki, guya, Cahangir Hacıyevin həyat yoldaşının oğurlanmasını Mərkəzi Bankın sədri sifariş verib. Zakir Nəsirov buna da getmədi. O, hər dəfə təkrar edirdi ki, mən olmayan bir şey barədə ifadə verməyəcəm. Hesab edirəm ki, Zakir Nəsirovun eləmədiyi cinayətə görə bu gün həbsdə saxlanmasının səbəbi də odur. Əgər vaxtında o təkliflərə razılıq versəydi, çox güman ki, bu gün həbsdə olmayacaqdı. Çünki hələ o vaxt ona deyilmişdi ki, bu ifadələri verməsən, sonda ömürlük həbs cəzası alacaqsan. Dediklərini də elədilər”.
A. İsmayılov deyib ki, Hacı Məmmədov əməliyyat müvəkkili idi. Hacı Məmmədovdan sonra onun işlədiyi şöbənin rəisi Kamil Sədrəddinov həbs olundu. Bundan yuxarı artıq həmin şöbənin də daxil olduğu Baş Cinayət-Axtarış İdarəsinin rəisi gəlirdi - Zakir Nəsirov. Sonrakı mərhələlərdə də daha yuxarı - nazir müavinləri, nazir gəlir. Bu qaydada da gedirdilər. Amma Zakir Nəsirov da bu xətt dayandı. Nəsirov ondan tələb olunan ifadəni versəydi, davam edəcəkdi. Belə deyək, Zakir Nəsirov işlədiyi nazirliyin rəhbərliyinə qarşı qurulmuş oyunda özünü qurban verdi: “Hacı Məmmədov olaylarının üstü açılandan bir müddət sonra Ramil Usubov media nümayəndələrinin iştirakı ilə keçirilən bir toplantıda açıq şəkildə dedi ki, Zakir Nəsirovun bu cinayətdə əli olduğuna inanmır. İstintaq materiallarında maraqlı məqamlar var, Zakir Nəsirovun həbsi üçün “sübutlar” onun həbsindən bir gün əvvəl toplanıb. Bu da iki nazirlik arasındakı çəkişmənin nəticəsi idi. Razılıq almaq üçün bir günün içində “sübutlar” toplayırlar. Görünür, o vaxt nazirlərdən biri o birisindən daha güclü olduğuna görə onun sözü keçib”.
A. İsmayılov onu da qeyd edib ki, Z. Nəsirova yuxarıda qeyd olunan təklifləri irəli sürən MTN əməkdaşlarının böyük əksəriyyəti hazırda həbsdədir.
Fikirlər