BALAKƏNDƏ dəhşətli cinayətlər – POLİSDƏ görünməyən işgəncələr, intihar...

 

Yanvar ayında Balakən rayonun Katex kəndində bir sıra cinayətlər baş verib. Silsilə şəklində baş verən cinayət hadisələri qorxulu kinoları xatırladır.

Rayon sakini Zərinə Bayramovanın adından yazılan şikayətdə bildirilir ki, bir ayın içində camaatın evləri qarət edilir, tövlələr yandırılırmış. Təkcə yanvar ayı ərzində 6 tövlə yandırılıb, bir sıra evlər qarət edilib: "Baş verən hadisələrlə əlaqədar mətbuatın susmasını başa düşmədik. Necə olur ki, bir ağac mövsümündən əvvəl çiçəkləyəndə, bir qoyun 3 bala verəndə və sairə bu kimi mənasız xəbərləri şok-şok başlığı altında işıqlandıran KİV bu olaya susurdu? Bir dəfə də olsun bunu işıqlandırmadılar. Nə idi bu məxfiliyin səbəbi?!

Balakən rayon polis şöbəsinin işçiləri kəndimizin küçələrinə tökülərək guya cinayətkarları tutmağa çalışırdılar. Kəndimizin bələdiyyə sədri Pirişev Çavanşir də kəndin cavanlarını, həmçinin qardaşımı polisə kömək məqsədi ilə bu işə cəlb etmişdi. Qardaşım gecə-gündüz kasıbın malına göz dikən cinayətkarların axtarışında polislərə kömək edirdi. O zamana qədər ki (Yanvarın 28-də) cinayət-axtarış şöbəsinin əməkdaşı Zaur Qustarov səhər radələrində qardaşımı iclasa çağırır, rəis təlimatlar verəcək bəhanəsi ilə evdən aparır. 
Nəzərinizə çatdırıram ki, qardaşım Əhmədov Əziz Əliağa oğlu artıq bir il idi, Zaqatala Dövlət Təbiət Qoruğunda mühafizə yegeri işləyirdi. Qardaşım o gedən oldu. Hardan biləydik ki, evə soyuq cəsədi gələcək.
Şöbədə saxlanılan qardaşım haqqında lazım bilib bizə heç məlumat da vermədilər. Axşam kənd əhalisindən biri gələrək bildirdi ki, qardaşım Əziz Balakən rayon polis şöbəsində saxlanılıb. Bunu eşidən kimi polis şöbəsinə getdik. Heç bir məlumat ala bilmədik. Bizə bildirdilər ki, səhər izahatını alıb buraxacaqlar. Səhər atamla-anam yenidən BRPŞ-nə getdilər. Orada da onları arxayın saldılar ki, oğlunuz 102-yə zəng edərək şikayət edib və polis şöbəsinə çağrılarkən gəlmədiyinə görə sutka verəcəklər, ya da cərimə kəsəcəklər.
Qardaşım bir neçə ay bundan qabaq 102 xidmətinə zəng edərək kəndimizin sahə müvəkkili Növhərdən şikayət etmişdi. Bununla bağlı evə gələrək izahatını da almışdılar. 
Bu minvalla qardaşımı "bu gün, sabah buraxacağıq”, "sutka verəcəyik, ya da cərimə kəsəcəyik” - deyə-deyə bizi aldatdılar və üstündən 4 gün keçdi. Bu 4 gün ərzində biz ailəsinə doğru-dürüst məlumat verməyi belə özlərinə borc bilmədilər. 
Fevralın 1-i (tutulduğunun 5-ci günü) qardaşımın "məhkəməsi” oldu. Bizi məhkəməyə buraxmadılar, heç bir sənəd də təqdim etmədilər, sadəcə dedilər ki, 10 sutka verilib, 10 sutkanı yatıb çıxacaq... 
Sonra eşitdik ki, 10 sutkanı da qardaşıma yolda xuliqanlığa görə verilib. Hansı xuliqanlıq, nə xuliqanlıq, yenə də açıqlama yoxdur ki, yoxdu...
Həmin gündən onu döyərək olmazın işgəncələr etmiş, kəndimizdə baş verən cinayətləri boynuna alması üçün təzyiqlər etmişlər. 
Fevralın 2-si Əziz hər şeyi boynuna alıb adı ilə evimizdə axtarış apardılar. Təbii ki, evimizdən özünün sənədli tüfəngindən başqa heç bir şey tapılmadı. 
Axtarış zamanı polis şöbəsindən gələn Zaur Qustarov həyətimizə gələn kənd əhalisinə tövlələrimizi göstərərək "Gərək camaat gəlsin, sizin buraları yandırsın” deyib. Sonra bizə yaxınlaşaraq oğurlanan qızılların qardaşımın baldızında olduğunu söylədi (Baxmayaraq ki, onların evində də axtarış aparılmış və heç nə tapılmamışdır). Hətta Zaur əşyaları vermədiyi təqdirdə qardaşımın baldızını “toka” verəcəyini deyərək hədələdi də. 
Sözdə xalqın hüquq mühafizəçiləri kimi görünənlər əslində isə əsl cəlladlar imiş...
Elə həmin gün axşam saatlarında kənar şəxslər tərəfindən qardaşımın venasını kəsərək Balakən rayon xəstəxanasına aparıldığını öyrəndik. Şöbədə bir sutkasını belə bitirməyən qardaşımı venasını kəsib intihara cəhd etməyə nə vadar etmişdi, görəsən?

Xəbəri eşidən kimi ailəmizlə xəstəxanaya üz tutduq. Qapıda polislər qabağımızı kəsdilər. Müxtəlif bəhanələr gətirərək gah yıxılıb qolu kəsilib, gah da sutka verilib sutkasını yatır dedilər. “Sutkanı xəstəxanadamı yatırlar” sualımız başqa suallar kimi cavabsız qaldı. Qadın olmağımıza baxmayaraq, qarşımıza 20-30 nəfər polis tökdülər. Yalvarışlarımıza, xahişlərimizə məhəl belə qoymayıb, gözü yaşlı ananı yaralı oğlunu görmək hüququndan məhrum etdilər. Necə olur ki, bu qədər yalvaranda anasını, bacılarını görüşə buraxmayan polis işçiləri gecə saat 2-də qardaşıma telefon verərək baldızına zəng etdirirlər ki, ona paltar aparsın. Gecə saat 2-də polis rəisinin müavinləri gələrək qardaşımın baldızını xəstəxanaya aparırlar. Gecə elə xəstəxanadan birbaşa polis şöbəsinə aparılan baldızı Günay Hudulova oğurlanmış qızıllar səndədir ittihamı ilə 3 sutkadan artıq şöbədə saxlanılır. Fevralın 3-ü günün 2-ci yarısında qardaşımın yoldaşını, qayınanasını, anamı və bacımı xəstəxanaya çağırırlar. Oğlunuzun sizə deyəcəkləri var deyirlər. Anamgil palataya girəndə qardaşımın halsız, qolunda sistemlərlə oturduğunu görürlər. Həyat yoldaşı qardaşımın ayaqlarına baxaraq işgəncə faktlarını görür. Bu zaman başının üstündə duran polis rəisi Elnur və müavinləri qardaşımın həyat yoldaşına kobudluq etmiş, heç bir sual verməyə qoymamış, ancaq Əziz tez ol boynuna al, qurtar bu işi sözlərini deyirdilər. Bu zaman qardaşım çox halsız və çarəsiz görünürdü. Qardaşımın həyat yoldaşı onlara Əzizin heç bir günahı yoxdur bizim sübut və şahidlərimiz var ki, hadisələr zamanı o harda və kimlə olub deyəndə polis rəisi ona bizə sizə sübutlarımız lazım deyil, bizim öz üsullarımız var deyib. 
Polislər heç cür bizi təklikdə qoymadılar, qardaşıma da ağzını açmağa belə imkan vermirdilər. Onlar qardaşımın o halında da "boynuna al, qurtar bu işi, Əziz”- deyirdilər. Bacım qardaşımın yanında olarkən qardaşım rəisə dedi ki, rəis, nə olar bircə dəqiqə məni bacımla tək qoyun, xahiş edirəm. Sizin yanınızda dediklərimdən başqa heç nə deməyəcəm. Lakin rəis buna razı olmadı. Əgər hər şey şəffaf və obyektiv idisə nəyə görə bizi təklikdə qoymaqdan qorxurdular. Görəsən, onlar qardaşımın bizə nə deyəcəyindən qorxurdular?
Bəlkə bütün bunların arxasında başqa bir həqiqət gizlənir?!..
Bütün bu Katex hadisələri də bunları ört-basdır edən bir pərdə idi? Qardaşımın məni yandırdılar, mənə tələ qurdular söyləməsi də buna bir işarə idi Bəlkə əsl həqiqət tam başqadır? Qardaşım isə bu cinayətin sadəcə bir qurbanıdır. 
Xəstəxanada qardaşım söhbət əsnasında bacıma gözü ilə işarə etmiş, əlindən tutaraq sıxmış, sanki gözləri ilə imdad istəyirdi. Qardaşım çarəsiz halda evə gəlmək, uşaqlarını görmək istəyirəm demişdi. 
Ümumiyyətlə, bu qədər qan itirərək ağır vəziyyətdə olan birinin, xəstəxana palatasında, başında 5-6 nəfərin durması, gecə-gündüz ona sorğu və təzyiqlərin edilməsi özü bir cinayət deyilmi?!...
Vəkilin gəlməyinə 1 saat qalmış qardaşımın intihar etməsi sual doğurmurmu? Ürəyimi parçalayan cavabsız suallardan biri də budur ki, qardaşım nəyə görə venasına yeridilən sistemi tez-tez çıxarırmış (tibb bacılarının dediyinə görə). Nəyə görə gecələr xəstəxana palatasına maskalı şəxslər girirmiş, onların məqsədi nə idi? Gecələr palatada nələr baş verirmiş? Qardaşım sanki bir terrorçu kimi qorunurdu. Sanki onun kiməsə, nəsə deyəcəyindən qorxurdular. Xəstəxanada və kəndimizdə də o qədər xof yaranıb ki, heç kim gördüyünü, bildiyini demək istəmir...
Nədir bu qorxunun səbəbi? 
Bütün bu haqsızlıqları görən kənd camaatı və xəstəxana işçiləri susur, heç kim heç nə demək istəmir, qorxurlar...
Fevralın 4-də eşitdik ki, xəstəxanada nəsə bir hadisə baş verib. Gedib gördük ki, polislər xəstəxananı əhatəyə alıb, yenə də bizi içəriyə buraxmadılar və heç bir məlumat vermədilər. Bir saata yaxın xəstəxananın qabağında durmağımıza baxmayaraq, heç kim çıxıb bizə məlumat vermədi. Balakənin bütün polis şöbəsini ora tokülmüşdülər. 
Yenə də kənar şəxslərdən eşitdik ki, qardaşım özünü 3-cü mərtəbədən ataraq intihar edib. 
Nə idi onun bu müəmmalı ölümünün səbəbi? İki körpə balasına həddindən artıq bağlı olan, xəstəxana palatasında belə körpələrimi görmək istəyirəm deyən, ailənin yeganə oğul övladı olan, qərib anasının dayağı olan, günahsız birinin özünü qətlə yetirməsi şübhə doğurmurmu? Onu kim bu həddə çatdırdı?...
Oğru idisə qanunla, faktla həbsə göndəriləydi, cəzasını çəkərdi. Bu qədər işgəncələrin səbəbi nə idi?.. Qaranlıq məqamlardan biri də budur ki, 2 litrə yaxın qan itirən, hətta ayaqları belə tutulan, deyilənə görə həmin gün vəziyyəti ağır olan, başının üstündə 4 polis duran biri özünü necə pəncərədən atdı?
Qeyd edək ki, bu cinayətlə əlaqədar BRPŞ-də 3 nəfər şübhəli bilinərək saxlanılır. Onlar Əhmədov Əziz, Bullayev İsmayıl, Əbəçiyev Fəxridir. Qardaşımın ölümündən sonra onlardan biri buraxılmış, birinə isə 3 aylıq həbs qəti -imkan tədbiri kəsilib. Həmin bu şəxslərdə də işgəncə faktları aşkarlanıb. Hətta onlara hədə-qorxu da gəlmişdirlər ki, əgər bizim dediklərimizi deməsəniz, səhərə kimi başınıza oyun açarıq. Əgər bütün bu üzləşmələr aparılmışdırsa, şübhəlilər cinayəti boyunlarına almışdılarsa və əgər onlar doğurdan da cinayətkar idilərsə, bəs camaatın evindən talanan qızıllar, pullar və maddi dəlillər haradadır?”
Şikayətçi bütün bu dəhşətlərlə bağlı Prezidentə müraciət edəcəyini bildirib.
Müraciətdəki iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Balakəndə dəhşətli cinayətlər – Polisdə görünməyən işgəncələr, intihar...

 

Balakəndə dəhşətli cinayətlər – Polisdə görünməyən işgəncələr, intihar...

 

Balakəndə dəhşətli cinayətlər – Polisdə görünməyən işgəncələr, intihar...

 

Balakəndə dəhşətli cinayətlər – Polisdə görünməyən işgəncələr, intihar...

AzerTaym.az






Fikirlər