Elşad Abdullayev sükutu pozdu
“Gülər Əhmədovanın ailəsi var, ...bizimki yoxdur?!”
Sabiq deputat Gülər Əhmədovanın məhkəməsi başlanan gündən əməkdaşımız ABU-nun sabiq rektoru Elşad Abdullayevlə danışmağa cəhd etsə də, onunla əlaqə yarada bilməyib. Heç digər media orqanlarında da E.Abdullayevin G.Əhmədovanın məhkəməsi, ona 3 il həbs cəzası verilməsi ilə bağlı münasibəti yer almamışdı.
“Yeni Müsavat” telefonla əlaqə yarada bilmədiyi E.Abdullayevlə nəhayətdə skayp vasitəsilə danışa bildi. Nəticədə son günlər G.Əhmədovanın, habelə vəkilinin onunla bağlı ittihamlarına da aydınlıq gətirməyə nail olduq. Amma müsahibədən öncə sabiq rektoru söhbətə razı salmaq da asan olmadı.
- Mənim 100-dən çox elmi dərəcəm, vəzifəm var. İnsanlar yeriyəndə onun qiymətini verə bilirəm. Ona görə də bir şərtim var, gəlin səmimi danışaq.
- Buyurun, heç bir problem yoxdur.
- Kimsə qəzetini satdırmaq istəyir, nəsə bir iş görmək istəyir. Mənim elə şeyə ehtiyacım yoxdur. Mənim düzlüyə ehtiyacım var. Mənim qardaşımı oğurlayıblar, adam ortada yoxdur. Mən bu məsələni qaldırmışam, siz ictimai rəyi başqa istiqamətə yönəldirsiz.
- Hara yönəldirik ictimai rəyi? İlk gündən bu prosesi işıqlandırırıq, sizin də, digərlərinin də müsahibələrini, müraciətlərini, videolarını işıqlandırırıq.
- Söhbət mütəşəkkil cinayətkar dəstənin ifşasından gedir. O qalıb kənarda, siz belə 10-cu dərəcəli məsələlərlə məşğul olursuz.
- Bir aydan artıqdır ki, sizi tapmırıq. Telefonlarınız bağlıdır, bacınız oğlu Azad Mürsəliyevə, blogger Elnur Məcidliyə sizinlə bağlı müraciətlər edirik. Budur 10-cu dərəcəli məsələlər?
- Mənim telefonum açıqdır. Amma gəlin bir şeyi də yada salaq. Keçən dəfə sizinlə danışığımız oldu ki, mənim verdiyim fikirləri olduğu kimi verəcəksiniz, məndən sonra heç kimin fikrini əlavə etməyəcəksiz. Kim nə fikir demək istəyirsə, getsin, ayrıca fikrini desin. Amma siz bizim fikirlərimizi verirsiz, sonra isə başqa birindən fikir öyrənirsiz, mənim bütün dediklərimin mahiyyəti itir.
- İttiham etdiyiniz tərəfin də cavab haqqı yaranır və onlardan münasibət öyrənmək bizim borcumuzdu.
- Başqa yazının içində verin də. Biz birini deyəndə onlar yüzünü deyirlər. Nə deyim, dövlət resursları onların əlindədir. Mənim də elə imkanım yoxdu ki, jurnalistlərə ev bağışlayım, pul bağışlayım...
- Sizdən ev, pul istəyən olub ki? Bu günə qədər müraciətlərinizi, videolarınızı kim təmənna ilə yayıb? Jurnalistlər sizdən ancaq və ancaq müsahibə, video, videonun şərhini istəyib...
- Videonu göndərmişəm, şərhini olduğu kimi verməmisiz. Mən ilk gündən deyirəm ki, burda söhbət mütəşəkkil cinayətkar dəstədən gedir. Hacı Məmmədovun məhkəməsi getdi, orda mütəşəkkil cinayətkar dəstə tapılmadı, başçısı bilinmədi, rəhbəri üzə çıxmadı. İki-üç nəfər icraçılar tutuldu, sadəcə. Amma mənim videolarımda 40 ayaqlı həşərat özü mənim üstümə çıxıb. Azərbaycanda mütəşəkkil cinayətkar dəstə mənim ailəmi məhv edib...
- Elşad bəy, gəlin konkret Gülər Əhmədovanın məhkəmə hökmündən başlayaq. 3 il azadlıqdan məhrum etmə cəzası verildi ona. Qərara münasibətinizi öyrənmək istərdik öncə.
- Burda məsələ belədir ki, bu nəticə məni qane etmir. Gülər Əhmədovanın cinayəti siyasi sifarişdir. Mən bir zərərçəkmiş kimi nəticədən razı deyiləm. Onlar məni faktiki zərərçəkən kimi tanımasalar da, mən zərərçəkmişəm. Hər il Avropa Məhkəməsi qərar qəbul edir ki, Azərbaycanda müstəqil məhkəmə hakimiyyəti yoxdur. Gülər Əhmədovanın məhkəməsi göstərdi ki, bu sistemdə tamam rüsvayçılıqdır. Bu iş artıq Avropa Şurası və ATƏT-in, habelə Avropa Birliyi Xarici İşlər Nazirliyinin hesabatlarında yer alıb. Mənim tərəfimdən bu iş Avropa Məhkəməsinə verilib. Bu iş adi xuliqanlıq olsaydı, bu cür mötəbər hesabatlara düşə bilməzdi. Bu hesabatlarda ağır cinayətlər yer alır. Amma Azərbaycandakılar başlarını salıblar aşağı, dünyada gedən proseslərdən xəbərləri yoxdur, onu dərk eləmək istəmirlər və dünyanı öz fəaliyyətlərinə uyğunlaşdırmaq istəyirlər. Amma bu, mümkün deyil. Çünki Azərbaycan Avropadan baxanda çox kiçik dövlətdir və onun məhkəmələri də dünyadan baxanda qəbul olunmur. Məhz bu sahədə yol verdikləri qanun pozuntularına görə. Gülər Əhmədova adi xuliqanlıq hadisəsi törədib 3 il həbs cəzası almayıb ki. Bu, ağır cinayətdir. Əsaslandırırlar ki, bunun ailəsi var. Bağışlayın, bizim ailəmiz, uşağımız, yüzlərlə Gülər Əhmədovadan ziyan çəkmiş şəxslərin ailəsi, uşağı yoxdur? Biz insan deyilik? Gülər Əhmədova universitetdə iki-üç il dərs deyib. Mən 1979-cu ildən ölkədən çıxan günə qədər BDU-nun hüquq fakültəsində müəllimlik eləmişəm. Mənim pedaqoji stajım Gülər Əhmədovanın yaşı qədərdir. Bizim ailəmiz yoxdur, biz insan deyilik? Oğurlanmış MTN zabiti Mahir Abdullayevin ailəsi, uşaqları yoxdu? Zəhərlənən qardaşım Eldəniz Abdullayevin ailəsi yoxdur? Baş prokuror Zakir Qaralov mənim qardaşımın oğurluq hadisəsini bilir və vəzifə səlahiyyətlərindən istifadə edərək bunu gizlədir. O, bunu özbaşına edə bilməz, siyasi sifarişi icra edirlər. Qardaşımın oğurlanmasının sifarişçisi prezidentin əmisi oğlu İlqar Əliyevdir, bu müstəvidə də daha ağır söküntü işləri olub. Çünki İlham Əliyev bu məsələyə görə Ramiz Mehdiyevi yanına çağırıb. Deyib ki, istəyirsən İlqar Əliyevi həbs edək? Ondan sonra məsələni qoyub qaçıblar. Mahirin oğurlanması cinayətində bütün subyektlər, detallar məlumdur. Biz niyə Gülər Əhmədova ilə bağlı videonu yaydıq? İstədik ki, ictimaiyyətin diqqətini bu hadisəyə çəkək. Videonu yayana qədər 9 il şikayət eləmişəm, heç kim buna baxmayıb.
- Hadisə ilə bağlı ictimai rezonans kifayət qədər böyük oldu. Bu, sizi qane etmədi?
- İctimai rezonans gerçək xalqın mövqeyini ifadə edirdi. Məsələn, Cəmil Həsənli kimi şəxslər. Mütəşəkkil cinayətkar dəstə ilə əlbir olan qəzetçilər, ya da şəxslər bizi maraqlandırmır, onların mövqeyi də həmçinin. Yaxud da Gülər Əhmədova qardaşımın qaytarılması üçün mənimlə danışıqlara girib. O, məndən universiteti tələb edib. Bu, videolarda da görünür.
- Hansı videoda sizdən universitet tələb olunmuşdu? Biz baxdığımız videolarda belə nüans yox idi. İctimaiyyətə açıqlanmayan videolarda olub bu?
- Siz videolara bir az diqqətlə baxın. Baxsaz, həmin nüansları da taparsız. Özü də bizim Gülər xanımla bağlı yaydığımız videolar ümumi görüşlərimizin heç bir faizini də təşkil etmir. Bu anlaşmanın baş tutması üçün biz neçə dəfə danışmalıyıq, görüşməliyik. Bu gün Gülər Əhmədovanın vəkili sizə müsahibəsində deyir ki, Gülər Əhmədova ilə Elşad Abdullayev bir-birini tanımayıblar, necə etibarından sui-istifadə edə bilər? Bəli, qardaşım Mahir Abdullayev oğurlanana qədər mən Gülər Əhmədovanı tanımamışam və onu ciddi adam kimi qəbul etməmişəm. Mən Bakıdakı bir çox adamların tərcümeyi-halını çox gözəl bilirəm. Ona görə ki, iş təcrübəmiz var. Bakı kiçik bir şəhərdir, hamı bir-birini yaxşı tanıyır. Xüsusən də hüquq sahəsindəki adam kimi bu sahəyə yaxşı bələdəm. Gülər Əhmədovanın qardaşımın oğurlanması, ABU-nun məndən tələb olunması ilə bağlı mənlə apardığı danışıqlar olub. Bunlara etiraz etmişəm. İndi isə cəmiyyətdə qəzet öz marağından, siyasətçi öz marağından çıxış edir. Amma ortada insan yoxdur - Mahir Abdullayev yoxa çıxıb, tapılmır. Bundan başqa hər şeydən danışırlar.
- Gülər Əhmədovanın da, onun vəkilinin də əsas iddiası o idi ki, niyə Elşad Abdullayev 5 saatlıq videonun cəmi yarım saatını yayıb? Bizə də maraqlıdır: niyə o 4.5 saatı hissə-hissə də olsa, ictimaiyyətə təqdim etmədiz?
- Bizim videogörüntümüzün biri kifayət edir ki, bu cinayətin üstü açılsın, cinayətkar dəstəni ifşa etsinlər. Amma bunlar bunu etmirlər axı. Bunların işi-gücü bu dəstənin fəaliyyətini ört-basdır etməkdir.
- Bəs siz niyə o videonun yerdə qalan hissəsini saxlayırsız, ictimaiyyətə yaymırsız?
- İndi mən kimdənsə soruşub yaymalı deyiləm ki?
- Yox, demədik ki, kimdənsə soruşasız. Sadəcə, jurnalist kimi maraqlıdır, niyə yaymırsız?
- Mən obyektiv jurnalistlərin qarşısında baş əyirəm, onlarla fəxr edirəm. Amma baxır kimə nə demək lazımdır. Məsələn, sizin bu gün Əfsər Talıbovdan götürdüyünüz müsahibədə vəkil deyir ki, necə olur Elşad Abdullayev Gülər Əhmədovaya o qədər pul etibar edir? Mən də sizə bəyan edirəm ki, Mahir oğurlanan günün səhəri günü, rəhmətlik Sevinc Babayeva - o adama həqiqətən rəhmət düşür - Gülər Əhmədova ilə birlikdə mənim otağıma gəldilər. Səhər saat 8-9 arası. Hələ mən onda bilmirdim ki, Mahiri oğurlayıblar. İlk söhbətimiz onda olub. Mənə dedi ki, Mahirin qaytarılması ilə bağlı mən bütün məsələləri danışıb həll edəcəm. Özüm də təəccüb qaldım, elə bildim, zarafat edir. Mən Gülər Əhmədovaya Ramiz Mehdiyevə görə etibar eləmişəm. Sonra mənə bildirildi ki, “bu söhbətlərin nəticəsi olaraq Binəqədi rayon icra başçısı Alı Qocayev sənə zəng edəcək. Deputat keçəndən iki gün sonra qardaşını da qaytarırıq”. Ona qədər mən qardaşımın pulunu hissə-hissə verib dayanmışdım. 1 milyon 300 min dollarda dayanmışdıq, əvvəldə 1 milyon 500 min istəyirdi halbuki. Başa düşürsüz? Bunlar adamdan əvvəl az pul istəyirlər, sonra aldıqca daha çox istəyə-istəyə gedirlər. Sonra Alı Qocayev mənə zəng etdi, dedi, sən seçildin, sənədlərini götür və gəl. Onda mən Prezident Aparatından çıxmamışdım, birinci mərtəbədə şəkili Mamedin otağında Gülər Əhmədova, Sevinc Babayeva ilə söhbət edirdik. Bu boyda söhbətdən sonra mən onlara etibar etdim. Çünki bu boyda söhbət olmuşdu.
- Pul demiş, məbləğlə bağlı Gülər Əhmədova məhkəməsində danışdı. Dedi, o, hər dəfə fərqli məbləğlərdən danışır - bir müraciətində 1 milyon, başqa bir müraciətində 1.5 milyon, bir başqasında isə 1 milyon 300 mindən danışır. Məbləğlə bağlı bu qeyri-dəqiqliyin səbəbi nədir?
- Biri var Mahirin qaytarılması ilə bağlı verilən məbləğ. Bir də var deputatlıqla bağlı verilən pul. Siz deputatlıqla bağlı məbləği deyirsiz. Amma ona qədər də mən ona pul vermişdim Mahirlə bağlı. Heç mənim deputat keçmək fikrim yox idi. Hər deputat seçkilərində iştirak etmişəm. Bir neçə yerdə işləmişəm və həmin iş yerləri də heç deputatlıqdan geri qalan işlər deyildi. Amma qardaşımın tapılmasına görə bu riskə girdim. Düşündüm, bəlkə bu yolla qardaşımı ala bilərəm. Çünki bunlar qardaşımın geri qaytarılması üçün pulumu geri almışdılar. Amma səhəri gün başqa şey istəyirdilər. Deyirdilər ki, maşınını, evini, bağını, universiteti ver. Cəmil Həsənli demişkən, bunların başı ilə mədəsi arasında əlaqə itib.
- Bayaq Sevinc Babayevaya rəhmət dilədiz. Amma Gülər Əhmədova məhkəmədə dedi ki, Siz rəhmətliyi o videolarda iştirak etməsi üçün şantaj etmisiz. Başqa özəl videolarını yayacağınızla təhdid edəndən sonra o, buna razılıq verməyə məcbur olub... Bu, doğrudur?
(Davamı növbəti sayımızda)
Sabiq ABU rektoru müsahibəsində başqa nələrdən danışdı;
- Səlcuq Ağlayanla Gülər Əhmədovanın tanışlıq hekayəsinin qaranlıq nüansları;
- Yayılacaq növbəti videonun ilginc qəhrəmanı;
- Pulun qaytarılması üçün Gülər Əhmədovanın oğlu ilə aparılan danışıqlar necə yekunlaşıb;
- Elşad Abdullayev pulunun Gülər Əhmədovada olmadığını necə etiraf etdi;
- Sabiq rektorun iddiasına görə....Gülər Əhmədova ona görə həbsdədir ki...