ABUTALIBOV DÖVLƏTİN PULUNU NECƏ GƏLDİ XƏRCLƏYİB – MƏNİMSƏMƏ
Bakı Şəhər İcra Hakimiyyətində (BŞIH) maliyyə pozuntuları, dövlət vəsaitini mənimsəmə və digər qanuna zidd əməllər aşkarlanıb. Bu barədə Azərbaycan Hesablama Palatasının 2015-ci il üzrə açıqladığı hesabatda bildirilir. Audit tədbirləri nəticəsində qurumun daha bir neçə sahələr üzrə vəsait ödənişində nöqsanları aşkarlanıb. Qeyd edək ki, Hesablama Palatası BŞIH-dəki qanunsuzluqları qeyd etsə də, nə qədər vəsaitin təyinatından kənar xərcləndiyini və bunun hansı hissəsinin mənimsənildiyini açıqlamayıb. Ancaq söhbətin 10 milyonlarla dollardan getdiyi şübhə doğurmur. AzPolitika.info
Hesabatda qeyd olunur ki, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Bakı Şəhər İcra Hakimiyyətinə ayrılan vəsaitlərdən istifadənin auditi zamanı bir sıra nöqsanlara yol verildiyi müəyyən olunub.
Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə BŞIH-ə ayrılmış vəsaitin 12,7 faizinin təyinatı dəyişdirilərək Bakı şəhər yollarının asphalt örtüyünün əsaslı təmirinə və yenidən qurulmasına, həmçinin klassik və müasir tipli işıq dirəklərinin alınması və quraşdırılmasına yöndəldilib. Dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi sənədlərin tələblərinə əməl edilməyərək bəzi hallarda satın alınan malların ehtimal olunan qiymətləri mövcud qaydalara uyğun müəyyənləşdirilməyib.
Tender prosedurunun keçirilməsi üçün minimum 3-4 ay vaxt tələb olunduğunu və görüləcək işlərə təcili tələbat yarandığını əsas gətirərək satınalmaların birbaşa müqavilə ilə həyata keçirilməsinə müvafiq razılıq alınsa da müqavilələr bir neçə aydan sonra bağlanıb.Nəticədə 2014-cü ildə Bakı Şəhər Icra hakimiyyəti tərəfindən əhatə olunan məbləğin 61,9 faizi səviyyəsində satınalamalar birbaşa müqavilə (bir mənbədən satınalma) metodu əsasında həyata keçirilib. Müvafiq satınalma proseduru keçirilmədən 10 layihəçi təşkilata layihə-smeta sənədlərinin hazırlanmasına görə vəsait ödənildiyi aşkarlanıb.
Yoxlamaların nəticələri Hesablama Palatasının Kollegiyasında müzakirə olunaraq müvafiq qərar qəbul edilib. Qərarın surəti zəruri tədbirlərin həyata keçirilməsi və görülmüş işlər barədə Palataya məlumat verilməsi məqsədilə quruma göndərilib, məsələ ilə bağlı Milli Məclisə məlumat verilib.
Palataya təqdim olunan məlumata görə, BŞIH-dən cəmi 106,4 min manat vəsait dövlət büdcəsinə bərpa edilib, 2 min manat dəyərində avadanlığın təhvil verilməsi təmin olunub. 35584,9 min manat dəyərində müxtəlif adda inventar və avadanlıqların müvafiq qaydada rəsmiləşdirildiyi qeyd olunub.