Anar Əhmədovun karyerasına TƏHLÜKƏ YARANIB - ÖZƏL

Prezident İlham Əliyevin dövlət vəsaitlərindən səmərəli istifadə edilməsi, bu zaman şəffaflığın və effektivliyi saxlamağı əsas vəzifə kimi dövlət orqanlarının qarşısına əsas vəzifə kimi qoymasından sonra rəsmi qurumlar daha aktiv fəaliyyətə başlayıblar.

Bu sırada Hesablama Palatası da dövlət büdcəsindən ayrılan vəsaitlərlə bağlı auditi gücləndirib. Hesablama Palatasının əməkdaşlarının son auditlərindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Xəzər rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi ilə bağlı olub. Hesablama Palatasının bununla bağlı məlumatında nəzarət tədbiri üzrə Kollegiya Qərarının layihəsi müzakirə edilərək təsdiq olunmuşdur. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun olaraq audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınmışdır. Hesablama Palatasının rəsmi məlumatında audit zamanı büdcə vəsaitlərindən necə istifadə edilməsi ilə bağlı dəqiq məlumat yoxdur. Ancaq əməkdaşımızın əldə etdiyi məlumata görə, Hesablama Palatasının auditi zamanı ən azı 37 min manatın mənimsənilməsi ilə bağlı şübhələr yaranıb. Belə ki, 34 min manat ünvanlı sosial yardımın təyinatı üzrə verilməməsi ilə bağlı qənəat yarandığı üçün həmin vəsaitin dövlət büdcəsinə geri ödənməsinə qərar verilib. Üç min manat isə Mərkəzin özünün ehtiyacları zamanı istifadə edilməli olan büdcə vəsaitləri ilə bağlıdır. Hesablama Palatasının əməkdaşları həmin pulların geri ödənməsinə qərar veriblər və onların bu istəkləri təmin edilib. Ancaq bu hal Xəzər rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Anar Əhmədovu məsuliyyətdən azad etmir. Əksinə, əməkdaşlarımızın əldə etdiyi məlumata görə, Hesablama Palatası Xəzər rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Anar Əhmədovun vəzifə məsuliyyəti ilə bağlı həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, həm də Xəzər rayon icra hakimiyyətinə təqdimatlar göndərilib. İndi Anar Əhmədovun karyerasına təhlükə yaranıb. Onun vəzifəsindən kənarlaşdırılacağı, ən azı isə töhmət alacağı gözlənilir.

Məlumata görə, Xəzər rayon icra hakimiyyətinin icra başçısı Gülağa İslamov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu ayın sonunda keçiriləcək kollegiya iclasının nəticələrini gözləyəcəyi ehtimal olunur. Əgər Nazirlik ciddi qərar versə, icra başçısı Anar Əhmədovla yollarını ayıracaq.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

"AzerTaym.az"

 






Fikirlər