BU NAZİRLİKLƏRDƏ APARILAN YOXLAMALARDA MAXİNASİYALAR ÜZƏ ÇIXDI - RƏSMİ
Hesablama Palatası səhiyyə xərclərinin optimallaşdırılması ilə bağlı Milli Məclisə təklif təqdim edib.
Hesablama Palatası nəzərə çatdırıb ki, dövlət büdcəsindən bu sahəyə 2013-cü ildə 618,9 mln. manat və 2014-cü ildə 665,3 mln. manat vəsaitin icra edildiyini, 2015-ci ildə isə bu məqsədlə 777,7 mln. manat vəsaitin ayrıldığını, həmin xərclərin nəzərəçarpacaq hissəsinin əməyin ödənişi ilə bağlı xərclər təşkil etdiyini nəzərə alsaq, büdcə vəsaitlərinin səmərəli və qənaətli istifadəsinin təmin olunması da diqqətdə saxlanılmalıdır.
2013-cü ildə əməyin ödənişi ilə bağlı xərclər səhiyyə xərclərinin 48,8%-ni (əmək haqqı xərcləri 39,9%-ni), 2014-cü ildə 49,8%-ni (əmək haqqı 40,8%) təşkil edib.
Səhiyyə Nazirliyi tərəfindən respublikanın şəhər və rayonlarında mərkəzi xəstəxanaların çarpayı fondunun real tələbata uyğunlaşdırılması prinsipi, habelə səhiyyə sisteminə ayrılan büdcə vəsaitinin məqsədyönlü və səmərəli istifadə edilməsi əsas götürülərək nazirlik tərəfindən 31.10.2008-ci il tarixli 151 nömrəli əmrlə təsdiq edilməklə "Azərbaycanda əhalinin tibbi kadrlar və xəstəxana çarpayıları ilə təminatının say həddinin təsdiq edilməsi barədə” sənəd hazırlanıb, tibbi kadrlar və xəstəxana çarpayıları ilə təminatın say həddi müəyyən edilib. Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirlər 22 fevral 2010-cu il tarixinə ölkənin 49 rayonu üzrə mövcud olmuş 30965 çarpayı sayını 18516 çarpayı və ya 59,8% azaltmağa imkan verib. Sosial əhəmiyyəti və iri miqyaslı maliyyə tədbiri olması nəzərə alınaraq əhalinin tibbi kadrlar və xəstəxana çarpayıları ilə təminatının say həddi ilə bağlı normativ-hüquqi sənəd statusunda sənədin müvafiq qaydada hazırlanması və şəbəkə, ştat, kontingent göstəricilərinin hazırlanacaq normativ sənədə uyğun yenidən müəyyənləşdirilməsi məqsədəmüvafiq hesab edilib. İkinci bir tərəfdən, Azərbaycanda səhiyyə sahəsinə aid edilən qulluqçu vəzifələrinin və fəhlə peşələrinin əməyinin ödəniş dərəcələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 2004-cü il 22 noyabr tarixli qərarı ilə təsdiq edilmiş "Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na uyğun olaraq həyata keçirilir. "Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın "Tibb bacısı (qardaşı)” bölməsində orta tibb təhsilli "Tibb bacısı işi” ixtisası üzrə sahə, cərrahiyyə, prosedur, sarğı, masaj üzrə tibb bacısı (qardaşı) vəzifələrinin ödəniş dərəcələrinə ixtisas tələbləri müəyyən edilib. Buna uyğun olaraq, səhiyyə müəssisələrində tibb heyətinin, o cümlədən, orta tibb heyətinin əmək haqları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qeyd olunan qərarında əks etdirilən ödəniş dərəcələrinə uyğun hesablanır. Eyni zamanda səhiyyə müəssisələrində fəaliyyət göstərən tibb işçilərinin ixtisaslaşma və ixtisasartırma məsələlərinin təkmilləşdirilməsi məqsədilə Səhiyyə Nazirliyinin 2008-ci il 01 sentyabr tarixli 119 nömrəli əmri ilə "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəssisələrində vəzifələrin nomenklaturası” təsdiq edilib. Əmrə əsasən, orta tibb vəzifələri üzrə tibb bacısı, əməliyyat otağının tibb bacısı, pəhriz üzrə tibb bacısı və sahə tibb bacısı vəzifələri müəyyən edilib.
Bildirilib ki, Səhiyyə Nazirliyinin əmri ilə müəyyən olunmuş tibb bacısı vəzifəsinin nomenklaturası ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2004-cü il 22 noyabr tarixli 22 nömrəli qərarında qeyd olunan tibb bacısı vəzifələri arasında uyğunsuzluqlar mövcuddur. Bu da Hesablama Palatası tərəfindən səhiyyə müəssisələrində aparılan audit tədbirlərində tibb bacılarına ixtisas tələblərinin əməyin ödəniş dərəcələrinə tətbiqinin düzgün qiymətləndirilməsinə imkan verməməklə yanaşı, səhiyyə müəssisələrində orta tibb heyətinin əməyinin ödənişinə büdcədən ayrılmış vəsaitin artıq istifadəsinə şərait yaradır.
Hesablama Palatası qeyd edilənləri nəzərə alaraq "Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” və "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəssisələrində vəzifələrin nomenklaturası”nın uyğunlaşdırılması məqsədəmüvafiq hesab edib. Auditi aparılan bir sıra səhiyyə müəssisələrində Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında” 09 yanvar 2004-cü il tarixli qərarı əsas götürülməklə idarəetmə aparatı, təsərrüfat xidməti və bəzi tibb işçilərinin əmək haqqı, baş həkimlərin müvafiq əmrləri ilə 50%-100% miqdarında artırılaraq ödənildiyi halları aşkar edilib. Bu hallar əsasən Bakı şəhərində fəaliyyət göstərən səhiyyə müəssisələrində baş verib. Yoxlamalar ilə müəyyən edilib ki, bu əlavə ödənişlər əsasən xərclər smetasının ştatda olan işçilərin əmək haqqı fondunda yaranmış qənaət hesabına həyata keçirilib. Həmin müəssisələr proqnoz layihələrini hazırlayarkən ştatda olan işçilərin əmək haqqı fondunda artıq vəsait proqnozlaşdırır ki, bu da öz növbəsində əmək haqqı üzrə qənaət məbləğinin formalaşmasına səbəb olur. Qeyd olunanları nəzərə alaraq, Hesablama Palatası hesab edir ki, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında” qərarının düzgün tətbiq olunmasını, eləcə də səhiyyə müəssisələrinin ştatda olan işçilərin əmək haqqı fondunda artıq vəsaitin proqnozlaşdırılması hallarına yol verilməməsini tövsiyə edirik ki, bu da səhiyyə müəssisələrində əməyin ödənişi fonduna ayrılmış vəsaitin səmərəli və təyinatı üzrə istifadəsinə şərait yaratmış olar.