Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun rəsmi açılış mərasimi başlayır.
“Report”un xəbərinə görə, açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia-Marqalyo (José Manuel García-Margallo) çıxış edəcək. BMT baş katibi Pan Gi Mun isə qlobal foruma videokonfrans vasitəsilə qoşulacaq.
“İnkluziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında keçirilən foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə təxminən 2000 qonaq qatılıb.
Açılış mərasimindən sonra forum işini plenar sessiyalarla davam etdirəcək.
Forum çərçivəsində 2 plenar və 16 panel iclası keçiriləcək. İclaslarda ekspertlər inkluziv cəmiyyətlərə mane olan mövcud problemlər, ekstremizm və marginalizasiyanın qarşısının alınmasına dair mövzuları müzakirə edəcək.