“ƏBİYEV ONLARIN ƏL-QOLUNU BAĞLAMIŞDI” – Sabiq nazirə ağır ittihamlar

86195115

“100 mindən artıq olan kontingentdən ibarət olan qurumun içərisində əsgər ölümlərinin sayı, orduda rüşvətin geniş yayılması, milli amillərin qabardılması, təlimlərdəki gecikmələr və ləngimələr, texnikaya münasibət keçmişdə özünü göstərən hallardır.”

Təxminən 3 il bundan əvvəl Azərbaycan Silahlı Qüvvələrində rəhbər dəyişikliyi oldu, Səfər Əbiyev vəzifədən kənarlaşdırıldı, əvəzində Zakir Həsənov müdafiə naziri postuna gətirilidi.

Zakir Həsənovun nazir olduğu müddətdə ordu quruculuğu istiqamətində görülən işlər Səfər Əbiyevin dövründəkindən xeyli fərqlənir.
Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Modern.az-a açıqlamasında Zakir Həsənovun 3 illik fəaliyyətinə qiymət verib.

“Şübhəsiz ki, bundan öncə də Azərbaycanda hərbi qüdrətin artırılması üçün dövlət tərəfindən siyasət mövcud idi. Bunlar inkarolunmazdır. Lakin bütün hallarda hər bir struktur ona rəhbərlik edən şəxsin daşıdığı intellektual keyfiyyətlərdən, mənəvi xüsusiyyətlərdən, komandanı təşkil etmək bacarığından, formalaşdırılan münasibətdən və sairədən asılıdır.
Zakir Həsənovun təyinatı Azərbaycanda ordu quruculuğunun yeni bir mahiyyət daşımasına, fərqli təkliflərin aparılmasına, böyük miqyaslı dəyişikliklərə yol açdı. Cəmiyyətə açıq olduğunu ortaya qoydu, insanlarla yaxın təmasları reallaşdırdı. Qabaqcıl ölkələrin təcrübəsini orduda tətbiq etmək baxımından ciddi dəyişikliklər baş verdi. Orduya çağırış sisteminə, kadrların təyinatına, Silahlı Qüvvələrdə korrupsiya və rüşvətxorluq kimi mənfi tendensiyaların aradan qaldırılmasına münasibətdə də bunların şahidiyik.

Bunların üzərində Zakir Həsənovu xarakterizə edən ən mühüm keyfiyyət Ali Baş Komandan tərəfindən verilən tapşırıqların, qoyulan vəzifələrin layiqli yerinə yetirilməsi istiqamətində gerçək addımların atılması idi. Ordunun rəhbəri prosesi heç bir halda kabinetdən idarə edə bilməz. Gerçək təlimləri səngərdə, yaxud da döyüş meydanında onlarla birgə yaşamalıdır. Hesab edirəm ki, “Aprel döyüşləri” ermənilərin bizə qarşı etdiyi təxribatlara fərqli bir cavab oldu. Bunun 2015-ci ildə reallaşması da Zakir Həsənovun təyinatının məntiqinə bağlıdır”.

Zahid Oruc, “ Aprel döyüşləri” zamanı ordudakı kadrların çoxunun Səfər Əbiyevin zamanında yetişməsi fikrinə də münasibət bildirib.
“Yanlış yanaşmadır. 100 mindən artıq olan kontingentdən ibarət olan qurumun içərisində əsgər ölümlərinin sayı, orduda rüşvətin geniş yayılması, milli amillərin qabardılması, təlimlərdəki gecikmələr və ləngimələr, texnikaya münasibət keçmişdə özünü göstərən hallardır. Aprel nailiyyətlərinin Səfər Əbiyevlə heç bir əlaqəsi yoxdur. Bunlar absurd fikirlərdir. Bu gün müdafiə Nazirliyinin rəhbərliyində olanların bir çoxunun əl-qolu bağlanmış vəziyyətdə idi. Onlar ordu quruculuğuna təsir göstərə bilmirdilər. Əbiyev onların fəaliyyətini bloklamışdı. Səfər Əbiyevsiz Azərbaycan ordusu qat-qat güclüdür”.
Deputat, Zakir Həsənovun ordudakı nailiyyətlərinə də toxunub.
“Bu illər ərzində Zakir Həsənov güclü komanda formalaşdırıb. Azərbaycan xalqının maraq və mənafelərinə uyğun fəaliyyət göstərməkdədir. Hazırkı dövrdə elə real döyüş tapşırıqları həyata keçirilib ki, artıq Azərbaycanın beynəlxalq və regional əlaqələri güclənməkdədir.
Zakir Həsənov Azərbaycan xalqına bağlı, dövlət başçısına sədaqətlidir. Bir daha söyləyirəm ki, ordu ilə bağlı məsələlərin çoxu məxfidir. Ermənistan qarşısında kəskin, möhkəm və dirənişli mövqe göstərə biliriksə, siyasi danışıqlarda mövqeyimiz güclənirsə, bu, birbaşa ordumuzla bağlıdır”.






Fikirlər