“Milyonerlərin xəstəsinə 5 tibb bacısı baxır” - Nazirdən sərt reaksiya

Vergilər naziri Fazil Məmmədov Vergilər Məcəlləsində nəzərdə tutulan dəyişikliklərə millət vəkilləri tərəfindən səsləndirilən iradlara cavab verib.

"Qafqazinfo” xəbər verir ki, nazir plenar iclasda qeyd edib ki, millət vəkilləri qanun barəsində danışanda diqqətli olmalıdırlar: "Qanunun maddələri ilə deyil, təqdim olunan paket layihəsinin ruhu və fəlsəfəsi ilə daha yaxından tanış olmaq lazımdır. Azərbaycanda şəffaflığın artırılmasından, uçot sisteminin bərpasından söhbət gedir. Büdcə gəlirlərinin artırılmasından söhbət getmir. Bahalı avtomobillərin vergisinin artırılması sosial bərabərliyə xidmət edir. Bəlkə avtonəqliyyat vasitəsindən ölkəyə az gəlir gələcək, dövlət az gəlir əldə edəcək. Amma sosial bərabərlik olacaq. İstirahət üçün olan yaxtalar əlavə vergiyə cəlb edilməlidir. Digər sosial təbəqə üçün lazım olan məsələlərsə daha çox vergidən azad olma və aşağı vergi üçün nəzərdə tutulub. Hörmətli Fərəc bəy, siz qanunları düzgün şərh etmirsiniz.
Bu günə qədər siz ticarətin dövriyyəsinin nə cür vergiyə cəlb olunduğunu bilirdinizmi? Bu günə qədər dövriyyə vergiyə cəlb olunurdu, ƏDV tətbiq olunurdu. Amma indi o vergidən azad edilir, qanun deyir ki, hansı qiymətə almısansa onu ƏDV-dən çıxırlar, nə qədər gəlir qoymusansa söhbət onun əlavəsindən gedir. Bundan böyük sosial təbəqə, pərakəndə ticarət üçün yaxşı şərait ola bilərmi ? Ola bilməz.
Sosial aşağı təbəqənin 10 manat, 5 manat vergiyə cəlb olunması büdcənin gəlirləri üçün deyil. Respublikada işsizlik səviyyəsi nə Statistika Komitəsi, nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nə də Vergilər Nazirliyi tərəfindən tam dəqiq iqtisadi araşdırılması mümkün deyil. Bu o deməkdir ki, hansısa bir şəxs evdə işləyirsə, digər tərəfdən siz niyə nəzərə almırsınız ki, həmin şəxsi işə götürən də var. Deməli onun sosial vəziyyəti yaxşıdır. Əgər bağ varsa, bağbanı, mühafizəçisi, xidmətçisi var, deməli, bu da onun uçotu olmalıdır və birdəfəlik onu işə götürən patentini alıb verməlidir. 
Milyonlarla vəsaiti olan var ki, xəstələrinə 5 tibb bacısı gəlib xidmət edir. Nə üçün bunlar olmamalıdır? Siz hansı təbəqədən danışırsınız? Burada sosial təbəqədən söhbət getmir.
Bəzi malların qiymətini ucuzlaşdırmaq, bəzilərinin vergisini aşağı salmaqdan söhbət edirlər. Məsələn, uşaq yeməkləri var. Axı bunun satıcıları qədər, alıcıları da var. Bəyəm imkanlı insanların övladları yoxdur? Onlar uşaq böyütmürlərmi, uşaq üçün lazım olan qidanı almırlarmı?"






Fikirlər