"Dövlətin qanunları "Kontakt Home” tərəfindən ayaqlar altına atılır. Nazirlik araşdırıb tədbir görmək əvəzinə istehlakçını məhkəməyə göndərir”.
Bu fikirləri Unikal.org-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, uzun müddətdir İqtisadiyyat Nazirliyi "Kontakt Home”la bağlı şikayətlərə baxmır:
Məişət texnikası və elektronika avadanlıqlarının satışı sahəsində istehlakçı hüquqlarını ən çox pozan "Kontakt Home” mağazalar şəbəkəsidir. Bizə daxil olan istehlakçı şikayətlərinin 80 faizini çalışırıq ki, danışıqlar yolu həll edək. "Kontakt Home”la bu göstərici sıfır vəziyyətindədir. Təəssüflər olsun ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti "Kontakt Home” tərəfindən hüquqları pozulanın pozulması ilə bağlı onlara şikayət edən istehlakçılara bizmənalı cavab verirlər ki, "məhkəməyə müraciət edin”. Nazirliyin istehlakçı hüquqlarını qorumalı olan qurumu insanları məhkəmələrə göndərir. Əgər, problemi məhkəmə həll edirsə bu qurumun işi nədən ibarətdir? "Kontakt Home” ilə bağlı böyük problem yaşanır. Onların verdiyi kassa çeklərində də saxtaları çoxdur. Bu da ciddi problemlərdən biridir. Bu şirkət Azərbaycan əhalisin boğazına dirənmiş bir tıxacdır. Əhaliyə şişirdilmiş qiymətlərlə məhsullar satırlar”.
Ekspert qeyd edir ki, uzun müddətdir İqtisadiyyat Nazirliyi "Kontakt Home”la bağlı şikayətlərə baxmır: "Belə görünür ki, Nazirlik onları himayə edir. Dövlətin qanunları "Kontakt Home” tərəfindən ayaqlar altına atılır. Nazirlik araşdırıb tədbir görmək əvəzinə, vətəndaşı məhkəməyə göndərir. İqtisadiyyat Nazirliyinin aidiyyati qurumundakı işçilər ona görə maaş alırlar ki, istehlakçı şikayətinə məhkəmə baxsın?”.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev məsələ ilə bağlı deyib ki, istehlakçı hüququ pozulan vətəndaş Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin "qaynar xətti”nə müraciət edərsə, məsələ araşdırılır.
Məsələ ilə bağlı "Kontakt Home”nin də mövqeyini dərc etməyə hazırıq...