"Qaynarinfo.Az"-ın baş redaktoru hədələndi - "Dövlət MÜDAXİLƏ ETMƏLİDİR"

Bir neçə gündür ki, ölkənin aparıcı xəbər portallarından biri olan Qaynarinfo.Az saytının rəhbərliyi naməlum mənbədən xəbərdarlıq məktubları alır.

Saytın təsisçisi və Baş redaktoru Zahir Əzəmətin verdiyi xəbərə görə, 26 fevral- Xocalı soyqırımının anım günündən başlayaraq, "Qaynarinfo.Az"-ın idarəetmə panelinə ardıcıl haker müdaxilələri var: "Öncə bunun ermənilər tərəfindən edildiyini düşünüb, ictimailəşdirmədik. Necə də olsa, belə önəmli günlərdə ermənilər tərəfindən haker hücumlarına məruz qalmağımız ilk dəfə deyildi. Amma bu müdaxilələrin sonrakı günlərdə də davam etməsi və saytın idarəetmə panelində azərbaycan dilində, şəxsimə ünvanlı açıq hədələyici mesajların və virus fayllarının yerləşdirilməsi başqa ehtimalları da düşünməyimizə səbəb yaradır".
Bu gün artıq "bu sənə son xəbərdarlığımızdır" məzmunlu mesaj aldığını bildirən baş redaktor aidiyyatı dövlət qurumlarını təcili müdaxilə etməyə çağırır.
"Bu xəbərdarlığın hansı anlam daşıdığını, şəxsimə həyati təhlükə kəsb edib-etmədiyini təyin etmək imkanım yoxdur. Ola bilsin ki, doğrudan da bu haker müdaxilələri ermənilərin və ya onların Azərbaycandakı əlaltılarının işidir. Ola da bilər hansısa psixi pozğunluğu olan bir hakerin işidir.  Ola da bilsin hansısa qudurğan məmurun ərköyün haker dəstəsinin özfəaliyyətidir. Qoy bununla dövlət qurumları məşğul olsun. Biz həm bu müdaxilələrin qarşısını almağa çətinlik çəkir, həm də bunun nə ilə nəticələyini təxmin edə bilmirik." - deyə baş redaktor əlavə etdi.
Baş redaktor ona göndərilən faylları və hələ ictimaləşdirmədiyi bir çox detalları araşdırmaq üçün dövlət qurumlarına təqdim etməyə hazır olduğunu bildirir.






Fikirlər