Məşhur hakerdən Trampa XƏBƏRDARLIQ
ABŞ prezidenti Donald Tramp özünə qarşı haker hücumlarının qarşısını almaq üçün əlavə tədbirlər görməlidir. O, Ağ Evin məlumatlarını dərc etdiyi şəxsi “Tvitter” səhifəsinin təhlükəsizliyini gücləndirməyi düşünməlidir. Modern.az saytının CNN-ə istinadən məlumatına görə, bu haqda “Wauchula Ghost” təxəllüslü tanınmış haker xəbərdarlıq edib. Qeyd edək ki, bu haker 2016-cı ilin iyun ayında “Tvitter”də “İslam dövləti” (İŞİD) ekstremistlərinin məlumat yaymağa çalışdığı 500 səhifəni sındırdıqdan sonra məşhurlaşıb. Haker bildirib ki, Donald Trampın, onun xanımı Melaniya Trampın, həmçinin vitse-prezident Maykl Pensin “Tvitter” hesabları kiber hücumlardan qorunmaq üçün zəifdir. “Wauchula Ghost” inandırmağa çalışıb ki, o özü ABŞ-ın birinci şəxslərinə qarşı kiberhücumlar planlaşdırmır. CNN xatırladıb ki, bundan əvvəl də Trampın nümayəndələri kiberhücumların ola biləcəyi barədə xəbərdarlıq ediblər.