Tramp ABŞ Milli kəşfiyyatını da “SİLKƏLƏYƏCƏK”

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-n yeni Prezidenti Donald Tramp ölkəsinin Milli kəşfiyyatını islahatlara məruz qoymağı planlaşdırır. «Wall Street Journal»-ın yazdığına görə, yeni Prezident bu idarəni «şişirdilmiş və siyasiləşdirilmiş» adlandırıb.

Tramp ABŞ Milli kəşfiyyatı direktorunun ofisinin restrukturizasiya edilməsi məsələsini artıq öz müşavirləri ilə müzakirə etməyə başlayıb. Bu barədə «Wall Street Journal»-a vəziyyətlə bağlı məlumatlı mənbələr danışıb.

Eyni zamanda, Mərkəzi Kəşfiyyat İdarəsində (MKİ) də islahatlar aparmaq planlaşdırılır. Söhbət MKİ-nin Virciniyadakı mənzil-qərargahında personalın ixtisar edilməsindən və müxtəlif ölkələrdə çalışan əməkdaşların sayının artırılmasından gedir.

ABŞ-ın yeni seçilmiş komandasının fikrincə, ölkənin kəşfiyyat «cəmiyyəti» mütləq şəkildə siyasiləşmiş hala gəlir. Yeni administrasiya profil strukturları sadələşdirməyin və onların arasında qarşılıqlı münasibətləri diqqət mərkəzinə gətirməyin vacibliyi barədə düşünür.

Sahə üzrə islahatlar barədə xəbər Donald Trampın ABŞ xüsusi xidmətlərinin ünvanına səsləndirdiyi tənqidin fonunda yayılmağa başlayıb. Belə ki, yeni Prezident, ABŞ-a qarşı haker hücumları ilə Rusiyanın əlaqəli olması barədə ABŞ xüsus xidmət strukturlarının çıxardığı nəticələrlə razılaşmır.

«ABC News»-in məlumatına görə, Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi barədə hazırlanmış məxfi hesabat cümə günü Donald Trampa təqdim olunacaq. Sənədin geniş təqdimat versiyası növbəti həftə ortaya qoyulacaq.






Fikirlər