Şeyxin 7 kollec sirri AÇILDI
Kimlər dini kolleclərə qəbul oluna biləcək? - rəsmi açıqlama Azərbaycanda dini ayinləri yalnız ölkədə təhsil almış din xadimlərinin həyata keçirə bilməsi üçün peşəkar kadrların hazırlanması yönündə işlər aparılır. Artıq bugünlərdə 7 yeni İslam kolleci Dini Qurumlarla İş üzrə Dövlət Komitiəsində qeydiyyatdan keçib, şəhadətnamə verilib. Həmin kolleclər bunlardır: Heydər İslam Kolleci, Zaqatala İslam Kolleci, Gəncə İslam Kolleci, Lənkəran İslam Kolleci, Quba İslam Kolleci, Nardaran İslam Kolleci və Bibiheybət İslam Kolleci. Bundan əlavə, bildirilir ki, bir müddət əvvəl qeydiyyatı ləğv olunan Şəbnəm qızlar mədrəsəsi, Zaqataladakı Əliabad mədrəsəsi və Şəki İslam mədrəsəsi də bu il mart ayının sonuna kimi kollec kimi qeydiyyatdan keçəcək. Bundan sonra Qafqaz Müsəlmanları İdarəsi tərəfindən kolleclərin fəaliyyəti təşkil ediləcək. Bununla bərabər ortalığa xeyli suallar çıxıb, hansı ki, hələ bu haqda nə QMİ, nə də DQİDK tərəfindən açıqlama verilməyib. Məsələn, kolleclərə qəbulu Dövlət İmtahan Mərkəzi, yoxsa QMİ aparacaq? Qəbul imtahanı və ya müsabiqə yolu ilə keçiriləcək? İldə neçə tələbə kollecdə təhsil ala biləcək və sairə. Suallarımıza cavab almaq üçün QMİ ilə əlaqə saxladıq. Qurumun Mərkəzi Aparat Sisteminin rəhbəri Simran Həsənovun məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verib: “Bütövlükdə bu kolleclər ölkəmizdə orta ixtisaslı dini kadrların hazırlanması ilə məşğul olacaq. Kolleclərə qəbul QMİ tərəfindən yaradılan komissiya tərəfindən həyata keçiriləcək. Komissiyanın tərkibinə təhsil mütəxəssisləri və dini qurumların nümayəndələri daxildir. İmtahanların test və ya müsabiqə yolu ilə həyata keçirilməsi barədə yaxın günlərdə məlumat veriləcək”. Qurum rəsmisi kollecə qəbul olunmaq istəyənlərin qarşısında xüsusi tələblərin də qoyulacağını bildirdi: “İslam dininə, şəriətinə, əxlaqına uyğun həyat tərzi keçirən, 11-ci sinfi bitirən, tam orta təhsilli insanlar kollecə daxil ola biləcək. Bütün hallarda onların dini hazırlıq səviyyələrinə önəm veriləcək”. Simran Həsənov təhsilin neçə illik olacağı barədə də danışıb: “Hələ ki nizamnamədə kolleclərin təhsil müddəti 4 illik nəzərdə tutulur. Təhsil müddətində tələbələrə dini və dünyəvi predmetlər tədris olunacaq. İlkin dövrlərdə 25-30 tələbənin qəbulu nəzərdə tutulub. Gələcəkdə kolleclərin maddi-texniki bazası gücləndirildikdən sonra qəbul olunacaq tələbələrin də sayı artırılacaq”.