Yasamalda tikinti dayandırılan ərazidən texnika çıxarıldı - VİDEO

Yasamalda tikinti dayandırılan ərazidən texnika çıxarıldı

Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən "Ovçular evi" ərazisində tikintisi dayandırılan yerdən texnika çıxarılıb.

"AzerTaym.az" xəbər verir ki, bu barədə "Report"a həmin ərazini mühafizə edən şəxs məlumat verib.

O bildirib ki, ərazidə tikinti dayandırılıb, rəhbərliyin göstərişi ilə dünən texnika oradan uzaqlaşdırılıb.

Mühafizəçi bildirib ki, hazırda ərazidə rəhbər şəxslərdən heç kəs yoxdur: "Mənə tapşırıq verilib ki, əraziyə heç kəs buraxılmasın. Hazırda burada iş getmir. Rəhbərliyin isə əraziyə nə vaxt gələcəyini bilmirəm".

Ərazidə mühafizə xitmətinin əməkdaşından başqa daha 3 nəfər şəxs var idi. Onlar da ərazidə əvvəllər fəhlə kimi işlədiyini deyiblər: "Biz burada fəhlə işləyirdik. Hazırda iş dayandırılıb, bekarçılıqdır. Bizə əraziyə nəzarət etmək tapşırığı verilib, ona görə də burdayıq".

Yaxınlıqdakı Azərbaycan Kapoeyra Federasiyasının binasında da söküntü işlərinə başlanılıb. Lakin ərazidə tikinti dayandırıldığı üçün işlər yarımçıq qalıb. Federasiyanın binası da ağacların qırıldığı ərazi ilə birgə hasarlanıb.

Orada yaşayan sakinlərin sözlərinə görə, həmin ərazidə çoxlu sayda böyük ağaclar olub. İndi isə 4 böyük və bir neçə balaca ağac gözə çarpır. Kökündən çıxardılan ağacların yeri isə bilinmir. Ərazidə olan ağaclar tamamilə ilə məhv edilib.Xatırladaq ki, aprelin 15-də Prezidentin Mətbuat xdmətinin yaydığı məlumata görə, Prezident İlham Əliyevin göstərişi ilə Yasamal rayonu, Mətbuat prospektində yerləşən "Ovçular evi" ərazisində yaşayış binasının tikintisi dayandırılıb. Buna səbəb tikinti aparan şirkət tərəfindən ərazidəki 54 ağacın qanunsuz olaraq kəsilməsi və ərazidəki yaşıllığın tamamilə məhv edilməsidir. Tikinti yerindəki məlumat lövhəsinə görə, Yasamal rayonunda qeyd olunan ünvanda “Böyük Plaza” yaşayış və ticarət mərkəzinin tikintisi aparılırdı. Lakin tikintini həyata keçirən şirkət mövcud qanunları pozaraq ərazidə ağacları qanunsuz olaraq ağır texnika ilə məhv edib. Məsələ ətraf binalarda yaşayan sakinlərin ciddi narazılığına səbəb olub. Ərazidə aparılan tikinti zamanı yol verilmiş qanunsuzluqlar və ağacların kəsilməsinə ölkə prezidenti İlham Əliyev kəskin reaksiya göstərmiş, tikinti işlərinin dərhal dayandırılması və məsələnin nəzarətə götürülərək araşdırılması barədə göstəriş verib.Yasamal rayonu, Mətbuat prospektində əraziyə baxış keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların məhv edilməsi barədə akt tərtib edib və yaşayış binasının tikintisini həyata keçirən şirkət 130 min manat məbləğində cərimələnib və fakt üzə cinayət işi açılıb.

 

 






Fikirlər