""AZAL dünyada bir bazarda tək inhisarçı şirkətdir ki, ziyanla işləyir. 2016-cı ildə ölkə ərazisində hava nəqliyyatından istifadə edən sərnişinlərin 98,5%-i AZAL-la uçublar.
İstədikləri qiyməti qoyurlar, amma hər il də sənədlərdə "ziyan"la işləyirlər, büdcədən dotasiya, Mərkəzi Bankdan qaytarmayacaqları kreditlər alırlar”.
BakuPost.az xəbər verir ki, bu sətirləri iqtisadçı-ekspert Natiq Cəfərli feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, AZAL biri 250 milyon dollar olan 4 Boeing alır: "Bir uçaq orta məsafəli reysdən bütün xərcləri, vergiləri çıxanda, ortalama, 15 min dollar qazanır.
Bir uçaq orta məsafəli reysdə sutka ərzində 2 dəfə uçur. Deməli, bu 250 milyon dollarlıq Boeing 16667 reys etməli, bunun üçün isə 23 il uçmalıdır ki, mayasını çıxartsın”.
Onu da deyək ki, AZAL-ın uçuşlarının baha olmasından deputatlar da şikayətləniblər. Millət vəkili Qüdrət Həsənquliyev parlamentin iclasında qeyd etmişdi ki, ildən-ilə borclar və borc faizlərinin büdcədən ödənilməsindən narahatdır:
"Dövlət zəmanətləri ilə götürülən borclara görə pullar ödənilir. AZAL-a görə 624 milyon ödənilib. Dövlət AZAL-ı və digər bu kimi strukturları özəlləşdirməlidir”.