Deputatlar sabah son iclasa toplanır, ardınca tətilə ÇIXIRLAR

Sabah Milli Məclisin sonuncu növbədənkənar iclası keçiriləcək.

Bununla da 2017-ci ilin yaz sessiyası ərzində parlament 13-cü plenar iclasını keçirmiş olacaq. Yaz sessiyası ərzində ümumilikdə gündəliyə 278 məsələ daxil edilib. Bir çox qanunlar qəbul olunub və bəzilərinə isə əlavələr, dəyişikliklər edilib.

Milli Məclisin daxili nizamnaməsinə müvafiq olaraq, deputatlar iyul ayının 15-dən tətilə çıxmış hesab olunurlar.

Milli Məclisin Daxili Əsasnaməsinə görə, sentyabrın 15-dən komitə iclasları başlayır.

Bununla da parlamentin payız sessiyası öz işinə start verir. Sentyabrın 30-dan isə plenar iclaslar başlayacaq.

"Deputatın statusu haqqında” qanuna əsasən, Milli Məclis üzvlərinə diplomatik pasport verilir. Bəzi deputatların tətil zamanı xarici ölkəyə getdiyini nəzərə alsaq, deyə bilərik ki, diplomatik pasportla bu, daha da asan başa gəlir.

"Deputatın statusu haqqında” qanunun 29-cu maddəsinə əsasən, Milli Məclis tətilə buraxıldığı vaxt parlament üzvlərinə məzuniyyət verilir.

Məzuniyyətdə olduğu zaman deputata müalicə olunması və istirahət etməsi üçün onun iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.

Qeyd edək ki, hazırda Milli Məclis sədrinin aylıq vəzifə maaşı 2250 manatdır. Parlament sədrinin birinci müavini isə spikerin aylıq vəzifə maaşının 90 faizini, Milli Məclis sədrinin müavini - 85 faizini alır.

Milli Məclisin komitə və komissiya sədri spikerin maaşının 80 faizi, komitə və komissiya sədrinin müavini 75 faizi, Milli Məclisin deputatı isə 70 faizi miqdarında aylıq məvacib alır.

Sadə riyazi hesablama aparsaq, görərik ki, sıravi deputatın aylıq vəzifə maaşı 1575 manat təşkil edir.

Deməli, hansısa sıravi deputat tətil zamanı müalicə ya da istirahət üçün xaricə üz tutursa (ya da ölkə daxilində müalicə alırsa, istirahət edirsə) o, 3150 manat müavinət alır.

Komitə və komissiya sədrləri, onların müavinlərinə verilən məbləğ isə daha yüksəkdir.

AzerTaym.az

 






Fikirlər