Deputatlar növbədənkənar sessiya üçün MİLLİ MƏCLİSƏ müraciət edib
Milli Məclisin yaz sessiyasının son iclası mayın 31-də keçiriləcək. Daxili Nizamnaməyə uyğun olaraq, Milli Məclisin yaz sessiyası may ayında keçirilən sonuncu iclasla (31 may tarixli) yekunlaşacaq. Deputatlar iyul ayının 15-dən avqustun 30-dək tətilə buraxılırlar. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar.
Lakin son illər parlamentin yaz sessiyası başa çatdıqdan sonra iyun ayında növbədənkənar iclas çağrılır. Bu il də istisna deyil.
AzerTaym.az xəbər verir ki Milli Məclisdən Modern.az saytına verilən məlumata görə, iyun ayında parlamentin növbədənkənar sessiyası çağrılacaq. Növbədənkənar sessiyada parlamentin bir iclasının keçirilməsi nəzərdə tutulub. Tarix isə hələ dəqiq bəlli deyil.
Konstitusiyaya görə, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır.
Növbədənkənar sessiyanın gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir.
Bu gündəlikdəki məsələlərə baxıldıqdan sonra növbədənkənar sessiyanın işi bitir.