Şəmkirdə ananın özünü iki övladı ilə qatarın altına atmasının SƏBƏBİ məlum olub

Şəmkirdə baş vermiş intihar hadisəsinin təfərrüatları məlum olub.

1992-ci il təvəllüdlü Pərvanə İlqar qızı Mahmudova həyat yoldaşı, 1989-cu il təvəllüdlü Nəsrəddin Fəzail oğlu Mahmudov və iki azyaşlı uşaqları – 2014-cü il təvəllüdlü Sənan Mahmudov, 2016-cı il təvəllüdlü Səma Mahmudova ilə birlikdə ərinin bibisi Dursun Mahmudovaya məxsus Şəmkir rayonu Zəyəm qəsəbəsi Xətai küçəsi ev 5 ünvanında yaşayıblar.
İyulun 25-də saat 20 radələrində Dursun Mahmudova ilə aralarında baş vermiş münaqişədən sonra Pərvanə Mahmudova uşaqlarını da götürüb atasıgilə getmək adı ilə evdən çıxıb. Lakin o, atasının evinə yox, dəmir yolu istiqamətinə gedərək uşaqlarının əlindən tutub özünü Böyük Kəsik- Bakı istiqamətində hərəkətdə olan sərnişin qatarının altına atıb. Nəticədə P.Mahmudova və uşaqları müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində ölüblər.
Qatarın maşinisti Şəmistan Əhmədov və maşinist köməkçisi Ələnşir Əliyev şifahi izahat verərək bildiriblər ki, bir qadın iki azyaşlı uşağının əlindən tutaraq 8-10 metr məsafədə özünü onların idarə etdiyi qatarın altına atıb. Onlar əyləc sistemini dərhal işə salaraq qatarı dayandırsalar da, faciədən qaçmaq mümkün olmayıb.
**** 
Zəyəm qəsəbəsi sakinlərindən biri isə virtualaz.org saytına bildirib ki, hadisə ailə münaqişəsi nəticəsində baş verib. "Hazırda bütün qəsəbə şokdadır, qadının həyat yoldaşı, 28 yaşlı Nəsrəddin Mahmudov da şokdan ayrıla bilmir. Ailənin maddi imkanı yaxşı olub. Hətta qəsəbədə imkanı olan beş ailədən biri idi”, - sakinlər deyiblər.
Qadın evdən ayrılarkən atasıgilə gedəcəyini deyib. "Pərvanənin valideynləri də bu qəsəbədə yaşayırlar. Dünən ailəsi morqda idi, onlar da nə baş verdiyini anlaya bilmirdilər. Qadının psixoloji durumu normal olub, adi söz-söhbətdən intihar etməsinə heç kim inana bilmir”.
Mərhumun həyat yoldaşı şəxsi maşını – "KamAZ”la yük daşıyıb. "Qəsəbədə onu zəhmətkeş, sakit təbiətli biri kimi tanıyırlar. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşalrı qəsəbədədir, izahatlar alınır”.
Qeyd edək ki, Pərvanə İlqar qızı Mahmudova uşaqları – 3 yaşlı Sənan və 1 yaşlı Səma ilə özünü Bakı-Qazax qatarının altına atıb. Ana və iki övladı hadisə yerində ölüblər.
Mərhumun ailəsi ilə birgə ərinin bibisi Dursun Mahmudovaya məxsus evdə yaşadığı bildirilib. "Hadisədən əvvəl onun Dursun Mahmudova ilə mübahisə etdiyi deyilir. Hazırda şahidlər ifadə verir, buna görə də, əlavə məlumat verməkdən çəkinirik”, - sakin deyib.
apa






Fikirlər