İmdad Əlizadənin ATASINI vuran sürücüyə 5 il 6 ay HƏBS TƏLƏBİ

Bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) işçisi Seymur Qarayevin cinayət işi üzrə məhkəmə iclası davam edib.

Lent.az-ın məlumatına görə, Nərimanov rayon məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi jurnalist İmdad Əlizadə təqsirləndirilən şəxsə 50-yə yaxın sual verib.

Təqsirləndirilən şəxs bu sualların bir çoxunu cavablandırmaqdan imtina edib.

Daha sonra İ.Əlizadə vəsatət qaldırıb. O, DİN-in "Təhlükəsiz Şəhər" Avtomatlaşdırılmış İdarəetmə Mərkəzindən hadisənin video görüntülərinin əldə olunması üçün məhkəmə tərəfindən sorğu verilməsini istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmə istintaqı başa çatdırılıb. Söz dövlət ittihamçısına verilib. Prokuror çıxış edərək S. Qarayevin 3 il sürücülükdən məhrum olunmaqla  5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini, barəsində həbs qətimkan tədbirinin seçilməsini, zərərçəkmiş şəxslərin mülki iddiasının təmin olunması istəyib.

Prokuror həmçinin Seymur Qarayevin cəzasının ümumi rejimdə çəkməsini istəyib.

Daha sonra İmdad Əlizadə çıxış edərək təqsirləndirilən şəxslə barışıq əldə etmədiklərini və sanksiya üzrə ən ağır cəzanın verilməsini və mülki iddianın təmin olunmasını tələb edib.

Təqsirləndirilən şəxsin vəkili məhkəmədən çıxış üçün vaxt istəyib.

Məhkəmə dekabrın 25-də davam edəcək.

Qeyd edək ki, S.Qarayev Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma), bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.

İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Onu da qeyd edək ki, 2016-cı ilin fevral ayının 14-də baş vermiş qəzadan sonra Ə.Əliyev 7 ay Mərkəzi Klinikada, 8 ay 17 gün isə "Avrasiya Hospital"ında müalicə alıb. Daha sonra o, Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. 504 gün komada qalan Ə.Əliyev 2017-ci ilin iyul ayının 2-də dünyasını dəyişib.

Xatırladaq ki, Ə.Əliyev erməni işğalı nəticəsində ata-baba yurdundan didərgin düşmüş ziyalılardan biri olub. O, 1946-cı ildə Laçın rayonunun Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib. Ə.Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Ə.Əliyev və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edən "54 gün mühasirədə” adlı sənədli film çəkilib. O, həmçinin "54 gün erməni mühasirəsində” kitabının müəllifidir. Ə.Əliyev altı övlad böyüdüb. Tanınmış jurnalist İmdad Əlizadənin atasıdır.






Fikirlər