“ŞİMAL-CƏNUB” Beynəlxalq Nəqliyyat dəhlizinin inkişaf perspektivləri Bakıda MÜZAKİRƏ OLUNUB
Bakıda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutu üzrə yük daşımalarının təşkili və tranzit potensialının inkişafına dair İşçi Qrupun iclası keçirilib. "AzerTaym.az"-a qurumdan verilən xəbərdə bildirilir ki,tədbirdə Azərbaycan, Rusiya, Belarus və İran dəmir yollarının nümayəndə heyətləri iştirak ediblər. İclasa “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini İqbal Hüseynov rəhbərlik edib. İşçi Qrupun İclasında aşağıdakı məsələlər müzakirə olunub: Qarşılıqlı yük axınlarının bərabərləşdirilməsi üçün Azərbaycan üzərindən İran-Rusiya istiqamətindəki perspektiv yük axınları haqqında İran tərəfinin məlumat və statistikası; Fars körfəzi və Hindistandan İran, Azərbaycan, Rusiya və Belarus ərazilərini keçməklə Avropa ölkələrinə (və əks istiqamətdə) yük daşımaları üçün yük bazasının müəyyənləşdirilməsi məqsədilə Hindistandan ekspeditorlar, operatorlar, yük göndərənlər/alanlar ilə 2018-ci ilin yanvar ayında görüşün təşkili məsələsinin nəzərdən keçirilməsi; “Şimal-Cənub” beynəlxalq nəqliyat dəhlizi üzrə Azərbaycan, Rusiya, Belarus və İranın logistik şirkətləri arasında qarşılıqlı əlaqələr haqqında Azərbaycan tərəfinin məlumatı; Konteyner (blok) qatarlarının Astara (İran) – Moskva və əks istiqamətdə mütəmadi şəkildə işə salınması üçün hərəkət cədvəlinin müzakirəsi və təsdiqlənməsi; İran ərazisi ilə yüklü və boş vaqon, eyni zamanda konteynerlərin keçidinə dair İran tərəfinin hesabatı; İran tərəfindən refrijerator konteynerlərinin daşınması üçün texnologiya və tariflərin müzakirəsi və Astara (İran) – Astara (Azərbaycan) yeni dəmir yolu xəttinin açılmasına dair Azərbaycan tərəfinin məlumatı. Tədbirin sonunda müvafiq sənədlər imzalanıb.