“Jurnalistlər binası”nda HADİSƏ - Ağanisə Sultanovanın EVİNİ KİMLƏR YARIB...
Tanınmış jurnalist Ağanisə Sultanovanın evində oğurluq hadisəsi baş verib. Modern.az saytının məlumatına görə, hadisə yanvarın 30-da axşam saatlarında olub. Evdən jurnalistə məxsus pul və qızıl əşyaları oğurlanıb. Bu barədə A. Sultanova saytımızla fikirlərini bölüşüb. O qeyd edib ki, hadisə Jurnalistlərin 1-ci binasında baş verib: “Mənzildə o qədər qorxunc vəziyyətlə qarşılaşdım ki. Bilirsiniz, əsas məsələ maddi ziyan deyil. Özümü çox pis hiss edirəm. Mənim bir evim var, hadisə də orda baş verib. Düzdür, polislər axşam 4-5 saat burada işlədilər. Axşam evə gələndə gördüm ki, qapını sındırıblar. Halbuki qapı bağlı idi. Məni ən çox ağrıdan anamın göz əməliyyatı üçün qəpik-qəpik yığdığım pul və atamın Həcc ziyatərindən mənə gətirdiyi boyunbağının oğurlanmasıdır. Ən pisi odur ki, divarda, dolabların üzərində qan ləkələri var. Ekspertizadan sonra polis ehtimal edir ki, oğru içəri girən zaman əlini zədələyib. Mən qorxaq deyiləm, amma pis təsir edən hadisədir. O vaxt da məni maşın vurdu, ancaq məsələnin üstü açılmadı. Ümid edirəm ki, bu hadisə belə qalmaz və üstü açılar. Maddi ziyandan çox mənə mənəvi ziyan dəydi, onu heç nə ödəyə bilməz”. Qeyd edək ki, uzun müddət “Xalq qəzetin”də çalışan Ağanisə Sultanova AzTV-nin İctimai-Siyasi Proqramlar Baş Redaksiyasının əməkdaşı kimi də fəaliyyət göstərib. Ona 2013-cü ildə prezident İlham Əliyev tərəfindən jurnalistlərin binasından mənzil verilib.