DİREKTOR müavini ŞAGİRDİ DÖYÜB? - ŞİKAYƏT

Direktor müavini şagirdi döyüb? - ŞİKAYƏT

Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən 6 saylı tam orta məktəbin direktor müavini Xalisə İsgəndərovanın məktəbin 4-cü sinif şagirdini (azyaşlı olduğunu üçün ad açıqlanmır - red.) döydüyü iddia edilir.
Bu barədə Qaynarinfo-ya uşağın valideyni Aytən Həsənovaməlumat verib. Onun sözlərinə görə, oğlu kitabını aparmadığı üçün müəllim onu məzəmmət edib və sillə vurub.
"Uşaq partanın altına düşüb. Evdə uşağın qulağından qan gəldi. Soruşanda dedi ki, Xalisə müəllimə vurub. Müəllim isə əsəbi olduğu üçün vurduğunu deyir. Məktəbə nə qədər müraciət etsəm də direktor onu cəzalandırmaq istəmir. Uşaq nadinc ola bilər. Amma heç bir müəllimin ona əl qaldırmağa ixtiyarı yoxdur. Bu haqda mən polisə, uşaq hüquqları təşkilatlarına da müraciət etmişəm".
Məktəbin direktoru İradə Məmmədova isə saytımıza açıqlamasında müəllimin ona sillə vurmadığını, sadəcə qolundan dartdığını bildirib:
"Düzdür ki, uşaq özünü pis apardığı üçün informatika müəllimi onun əlindən, qolundan dartıb. Amma sillə vurulması, nə bilim partanın altına yıxılması ilə bağlı dedikləri cəfəngiyatdır. Uşaq lövhədə oynamağa başlayıb və müəllim də qolundan dartıb ki, özünü yaxşı aparsın. 2 gün biz uşağın valideyni ilə söhbət etmişik, lakin uşağın üzündə, gözündə heç bir problem görməmişik. Bu uşaq 3 ildir ki, bizim məktəbdə oxuyur və gələndən həmin valideynə görə 2 il böyük problemlər yaşamışıq. Birincü gün elə uşağın sinif rəhbəri ilə sözləşdi. Deməli evdə uşağın əlin yandırıb, məktəbin üstünə yıxmışdı ki, guya onu biz etmişik. Yoldaşı gəlirdi, savaşırdı. Sonra uşaq özü dedi ki, anası qaynar su töküb. O sinifdə bütün valideynlər də o qadını yaxşı tanıyır və biz buna görə uşağa güldən artıq söz demirik. Bilirik ki, valideynlə başımız ağrıyacaq. Valideynin özünün də psixoloji problemləri var. Çox əsəbi insandır. Onunla danışanda heç kəsə qulaq asmır və ancaq öz bildiyini deyir. Bütün bunlara baxmayaraq, müəlliməyə xəbərdarlıq edilib və töhmət veriləcək". 






Fikirlər