Beyləqan rayon İcra Hakimiyyətinin quruculuq və abadlıq işləri ilə bağlı elan etdiyi tenderin qalibinin "Vaqif" adlı firmanın olması barədə xəbər vermişdik. Bir milyon manat dəyəri olan tenderi qazanan şirkətlə bağlı kifayət qədər şübhəli məqam var.
Bir milyon dövlət vəsaitinin etibar olunduğu "Vaqif"in nə rəsmi saytı var, nə də sosial şəbəkə hesabı, heç firmanın hüquqi ünvanı, əlaqə nömrəsi belə yoxdur. Şirkətlə bağlı internetdə bir cümləlik məlumata rast gəlmək mümkün deyil. Bu isə "Vaqif"in sadəcə kağız üzərində mövcud olan firma olduğunu, kimlərinsə "tender oyunları"nda istifadə etmək məqsədi ilə yaratdığını deməyə əsas verir. Sirr deyil ki, bəzi səlahiyyət sahibləri elan etdikləri tenderlərin qaliblərini seçərkən birbaşa özünə, qohumuna, ona bağlı olan şirkətlərə üstünlük verirlər. Belə olan halda elan edilən tender uğrunda mübarizədə şəffaflıq qorunmur, dövlət vəsaiti kimlərinsə cibinə axıdılır.
Bu gün isə Beyləqan rayon İcra Hakimiyyəti açıqlama yayaraq məlumatı təkzib edib. Əslində isə "saxta" adlandırdıqları məlumatları açıq şəkildə təsdiq ediblər.
"Dərc olunan materialların saxta olduğunu bildiririk və dərin təəssüf hissi keçiririk. Məlumat üçün bildiririk ki, abadlıq və quruculuq işlərinin davam etdirilməsi üçün 08 avqust 2019-cu il tarixdə açıq tender keçirilmiş, "Vaqif” firması keçirilmiş tenderin qalibi elan olunmuşdur. Bildiririk ki, tenderin qalibi "Vaqif” firması 1997-ci ildən təsis edilərək fəaliyyət göstərir. Firma Bakı şəhərində və regionlarda bir çox əhəmiyyətli abadlıq quruculuq sahəsində keyfiyyətli işlər görmüşdür. Hazırda həmin firma Beyləqan şəhərində davamlı olaraq aparılan abadlıq-quruculuq işlərini həyata keçirir”, - deyə açıqlamada bildirilir.
RİH açıqlamanın əvvəlində məlumatı "saxta", "böhtan" adlandırsa da, amma firma ilə bağlı cavabsız qalan suallara aydınlıq gətirmir və qeyd etdiyimiz faktları təsdiqləyir. Açıqlamadan o da görünür ki, bu "Vaqif"in Beyləqanda əldə etdiyi ilk "qənimət" deyil. Hələ başqa dövlət layihələri də bu yalnız kağız üzərində mövcud olan şirkətə peşkəş edilib.
Əgər həqiqətən də belə bir firma mövcuddursa və İcra Hakimiyyətinin elan etdiyi tenderin şəffaf şəkildə qalibi olubsa, şirkət rəhbərliyindən heç olmasa bir nəfərin ad-soyadını, hüquqi ünvanını, gördüyü işləri təqdim edin. Dövlətin milyonlarla pulunun etibar edildiyi bir şirkətin varlığı ilə bağlı heç olmasa bir neçə cümləlik məlumat, fakt olmalıdır. Sadəcə "saxtadır", "böhtandır" deməklə, iş bitmir axı, cənab Asif Ağayev...