Milli Məclis bu gün büdcə zərfinin müzakirəsini yekunlaşdıracaq
Milli Məclis bu gün 2020-ci ilin büdcə zərfinə daxil olan sənədlərin müzakirəsinə yekun vuracaq.
Modern.az-ın məlumatına görə, 3-cü gündür davam edən iclasın gündəliyindəki məsələlərdən bir neçəsi dünən I oxunuşda qəbul edilib:
Belə ki, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” qanunun layihəsi, “İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında” qanunun layihəsi, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi, “Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi deputatların iki günlük müzakirəsinin yekununda I oxunuşda qəbul edilib.
Bugünkü iclasda “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Məşğulluq haqqında” qanunuda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Sosial müavinətlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi (birinci oxunuş), Milli Məclisin 2020-ci il üçün xərclər smetası, Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası müzakirə olunacaq.