Əli Həsənov xarici KİV-lərə xəbərdarlıq etdi
PA rəsmisi: "Azərbaycan qanunlarının tələblərini pozanlar barədə ölçü götürüləcək"
ANS PRESS-in məlumatına görə, o, AZƏRTAC-a açıqlamasında deyib ki, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da KİV nümayəndələrinin fəaliyyəti müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq tənzimlənir.
Ölkə qanunvericiliyi söz və məlumat azadlığına, KİV redaksiyalarının və jurnalistlərin müstəqil fəaliyyətinə, sərbəst şəkildə informasiya əldə etmək və yaymaq hüququna tam təminat verir. Bununla yanaşı, həm yerli, həm də Azərbaycanda xarici KİV-ləri təmsil edən jurnalistlər və nümayəndələr öz fəaliyyətlərini qanunların çərçivəsində qurmalı, ölkə və cəmiyyət qarşısında məsuliyyətlərini dərindən dərk etməli və qeyri-qanuni addımlara yol verməməlidirlər.
Prezidentin köməkçisi bildirib ki, 2015-ci il martın 18-də “Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin akkreditasiya qaydaları” təsdiq edilib. Hətta xarici KİV-lərin, onların Azərbaycandakı nümayəndəliklərinin və əməkdaşlarının elektron qaydada akkreditasiyası məqsədilə Xarici İşlər Nazirliyinin internet saytında müvafiq bölmə də yaradılıb.
Təəssüf ki, “İnteraz”, “Euroaz” televiziya kanalları, “Amerikanın səsi” radiosu, “Meydan TV” internet saytı və bir sıra digər xarici media orqanları və onların əməkdaşları dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu günə qədər müvafiq qaydalara əməl etmir və ölkə daxilində qeyri-qanuni fəaliyyət göstərirlər.
Son günlər bəzi xarici KİV əməkdaşlarının hüquq mühafizə orqanları tərəfindən saxlanması da onları öz fəaliyyətlərini “Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin akkreditasiya qaydaları”na uyğun qurmağa dəvət etmək məqsədi daşıyır.
Prezident Administrasiyasının binası
Əli Həsənovun sözlərinə görə, bundan sonra da işlədiyi sahədən və peşəsindən asılı olmayaraq Azərbaycan qanunlarının tələblərini pozan hər bir şəxs barədə aidiyyəti orqanlar tərəfindən ölçü götürüləcək.
Ümumiyyətlə, bəzi yerli KİV-lərdə Azərbaycandakı İnternet TV-yə təzyiqlərin şiddətlənməsi barədə yazılar dərc olunur. Həmin yazılarda Meydan TV ilə əməkdaşlıq edən üç qadın jurnalist - Aytən Fərhadova, Sevinc Vaqifqızı və İzolda Ağayeva sentyabrın 20-nə keçən gecə saat 1 radələrində Binə Hava Limanında saxlanıldığı qeyd olunur.
Ukraynadan təlimdən qayıdan jurnalistlərə bildirilib ki, onların adı sistemdə bloklanıb və ölkədən çıxışlarına qadağa qoyulub. Bundan sonra onlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıblar. Xanım jurnalistlərlə Mingəçevir hadisələri və Meydan TV-nin fəaliyyəti ilə bağlı suallar verilib.
Sentyabrın 20-də saat 12.30 radələrində DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan jurnalistlər azad edilib.
Saxlanan jurnalistlər
Bununla yanaşı, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Meydan TV ilə əməkdaşlıq edən Şirin Abbasov saxlanıldığı deyilir. Sentyabrın 16-da Meydan TV-nin iki xanım əməkdaşı da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dindiriliblər. Onlara Meydan TV-dəki fəaliyyətləri, TV-nin rəhbəri, eləcə də Mingəçevir hadisələri ilə bağlı suallar verilib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov mətbuata bildirib ki, Meydan TV-yə qarşı hər hansı cinayət işi açılmayıb. Jurnalistlər isə Mingəçevir hadisələrinə görə dindirilirlər.
Eldar Sultanov - Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri