Ali məktəblərə sənəd qəbulu təxirə salındı
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən ardıcıl tədbirlərə uyğun olaraq Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020-ci il 30 mart - 27 aprel tarixlərində aparılması nəzərdə tutulan ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu, eləcə də aprel ayı üçün planlaşdırılan bütün tədbirlər təxirə salınıb. DİM-dən verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu, daha öncə təxirə salınan 11-ci sinif buraxılış (qəbul) imtahanları, həmçinin martın 9, 15 və 29-da keçirilməli olan imtahanların vaxtı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək. Dövlət İmtahan Mərkəzi vətəndaşları Nazirlər Kabineti tərəfindən müəyyən edilən özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum təmasda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək, mövcud qabaqlayıcı tədbirlərin şərtlərinə ciddi əməl etməyə çağırır. "AzerTaym.az"