Habil Əliyevin qızı: “Görünür kimdəsə olub, kontakta olmuşam düşüb.”
Xalq artisti Habil Əliyevin qızı Vəfa Əliyevanın koronavirusa tutulması ilə bağlı Unikal.org xəbər yaymışdı. Kulis.az xəbəri təsdiqləmək üçün Vəfa Əliyeva ilə əlaqə saxlayıb. O xəbəri təsdiqləyərək xəstəxanada karantin rejimində olduğunu bildirib: “Hal-hazırda xəstəxanadayam. Məndə heç nə yox idi. Dördüncü gün səhər yuxudan oyananda qızdırmam olduğunu gördüm və artıq evdən çıxmadım. Mən özüm həkiməm, ona görə də belə halları başa düşürəm. Çünki, xəstəlik ümumiyyətlə qızdırma periodunda yoluxdurur. Qızdırmam əsasən 37.1, 37.2, 37.3 olurdu. Sizə deyim ki, elə yüksək hərarət yox idi. Həmin gün iki saatdan bir qızdırmamı ölçdüm. Üç gün dalbadal qızdırmam qalxıb düşdü. Qızdırma ilə yanaşı tək-tək öskürək də vardı. Ondan sonra özüm referans laboratoriyaya zəng vurdum. Analizləri götürdülər, nəticələr pozitiv çıxdı. Özüm gəldim Tədris Terapiyaya, dedim, istəyirəm gedib müalicəmi alım, həkimlərin əlinin altında olum, qorxuram.” Vəfa xanım daha sonra əlavə edib: “Evdə ailə üzvlərimi də karantinə alıblar, onlardan analizlər götürülüb. Üç-dörd günə cavab gələcək. Bu gün ciyərlərim rentgen olundu, satratsiyam da normaldı. Qan analizim təmiz çıxdı. Hər şey təmiz çıxdı, amma virusa yoluxmuşam. İmmunitetim maşallah görünür davamlı imiş ki, belə ağır keçirmədim. İndi hal-hazırda sistemin altındayam. Mən iyirmi beş min adama cavabdeh olan poliklinkada işləyirəm. Sonuncu günləri gücləndirilmiş iş rejimi ilə işlədim. Heç evə getmədik. Sutkalarla işdə qalırdım. İmmunitetim aşağı düşdü. Görünür kimdəsə olub, kontakta olmuşam, düşüb.” V.Əliyeva işləri haqqında da söz açıb: “Dünən bura 25 nəfər adam gətirilib. Əksəriyyəti də həkimdir. Hal-hazırda mən bir xanımla iki nəfərlik otaqda sistemin altındayam. Deyirlər ki, yoluxan həkimlər çoxdur. Həkimlərin yoluxması normaldır. Özümü psixoloji cəhətdən diri saxlamğa çalışıram. Allaha şükür, dövlətimiz hər cəhətdən kömək edir. Dərmanlarımız, təchizatımız, savadlı həkimlərimiz var. Əgər hər şey yaxşı olsa, on dörd gündən sonra buraxacaqlar.”