NIZAMI Rayon icra başçısı onlayn müşavirə KEÇİRDİ...
04 may 2020-ci il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov xüsusi karantin rejiminin müddətinin üzadılması ilə bağlı onlayn müşavirə keçirib. Qurumun mətbuat xidmətindən "AzerTaym.az"-a bildirilib ki,onlayn müşavirədə Rayon İcra Hakimiyyəti başçısının qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyin rəisi iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin müddətinin 31 may 2020-ci il saat 00:00-dək uzadılmasına, eyni zamanda, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına, lakin Bakı şəhəri, eləcə də digər rayon və şəhərlərdə bu məhdudiyyətlərin mərhələli şəkildə həyata keçirilməsinə dair qərar qəbul edildiyini bildirib. A.Qasımov bununla əlaqədar nümayəndələrə xüsusi karantin rejimi müddətində fəaliyyətlərini Operativ Qərargah tərəfindən qəbul edilmiş qaydalara uyğun qurmalarını, ərazi üzrə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlər görmələrini, yaradılmış mobil və işçi qruplar tərəfindən sakinlərlə qoruyucu maska, şəxsi dezinfeksiya-mühafizə vasitələri ilə mütləq qaydada istifadəsinə dair təlimatlandırma işlərinin və zərurət olmadıqda yaşayış yerlərini tərk etməmələri, ictimai yerlərdə digər şəxslərlə az ünsiyyətdə olmaları kimi təbliğat işlərin aparılmasını tapşırıb. Həmçinin rayon ərazisində infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə nümayəndəliklər tərəfindən aidiyyəti qurumlarla birlikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə” qərarında göstərilən sahə və istiqamətlərdə tətbiq edilən xüsusi sanitar rejim qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsinin vacibliyini də vurğulayıb. Sonra Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Qara Qarakişiyev, 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndə Həsən Sadıxov, 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndə Natiq Quliyev, 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndə Əhməd Əhmədov və Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyin rəisi Ramsin Abdullayev görülən işlər və nəzərdə tutulmuş tədbirlər barədə məlumat veriblər. A.Qasımov evdən çıxma qadağası ilə əlaqədar rayonda yaşı 65-dən yuxarı insanlara, eyni zamanda digər kateqoriyadan olan və tənha yaşayan, sosial qayğıya ehtiyacı olan şəxslərə göstərilən köməkliklərin davam etdirilməsini, onların sosial müdafiəsinin hər zaman diqqət mərkəzində saxlanılmasını və bu işdə har hansı bir neqativ halın yolverilməz olduğunu müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Sonda A.Qasımov rayon ərazisində aparılan dezinfeksiya işlərinin gücləndirilməsini, bu işdə səylərin artırılmasını və qarşıya çıxa biləcək hər hansı çətinliklər barədə İcra Hakimiyyətində yaradılmış Xüsusi Qərargaha məlumatların verilməsini tapşırıb.