Şəhid anası Göyçay polisindən Prezidentə şikayət etdi: “Bu, tam qanunsuzluq, vəhşilik və özbaşınalıqdır” - FOTOLAR
Göyçay rayonu Bəydövül kənd sakini, şəhid anası Həbibə Namaz qızı Teymurova Prezident İlham Əliyevə məktubla müraciət edib. Saytımızın elektron ünvanına da göndərilən məktubda şəhid anası həyat yoldaşının şərlənərək həbs olunduğunu iddia edib. O, dövlətin oğlunun şəhid olmasına görə verdiyi 11 min manatdan imtina edərək, ailə başçısının işinə yenidən ədalətli şəkildə baxılmasını, şərdən xilas edilməsini, azad olunmasını istəyib: “Mənim oğlum 03 mart 1993-cü il tarixdə anadan olmuş Xudiyev Mütalib Ələsgər oğlu Vətən Müharibəsində 07 noyabr 2020-ci il tarixdə şəhid olub. Oğlum Mütalib Vətən Müharibəsinə könüllü gedib. Mütalib müharibəyə könüllü gedəndə mənə dedi ki, ana döyüşüb qəhrəmanlıq göstərəcəm, bəlkə şərlənərək zindana atılmış atamı həbsdən bu yolla çıxara bildim. Həqiqətən də Mütalib qəhrəmanlıq göstərdi, 07 noyabr 2020-ci il tarixdə Şuşa uğrunda gedən döyüşlərdə şəhid oldu. Ancaq atasını həbsdən çıxara bilmədi. Qeyd edim ki, biz kasıb yararsız bir komada yoxsulluq içində acınacaqlı vəziyyətdə yaşayırıq. Həmin ev qəzalıdır uçmaq üzrədir. Ancaq bizə nə təzə mənzil lazım deyil nədə ki, şəhid üçün veriləcək 11000 manat pul. Bizə şərlənərək qanunsuz həbsə atılmış həyat yoldaşımın azadlığa çıxması lazımdır”. Şəhid anası H.Teymurova yazıb ki, oğlum Mütalib Vətənini canı qədər sevib və bunna görə oğlu ilə fəxr edir, qürur duyur. O iddia edib ki, həyat yoldaşı Xudiyev Ələsgər Xudu oğlunu 2014-cü il tarixdə şərləyib həbs ediblər: “And olsun şəhid oğlumun ruhuna ki, mənim həyat yoldaşım Xudiyev Ələsgər Xudu oğlu şərlənərək həbsə atılıb onun günahı yoxdur. Həmin cinayəti imkanlı şxəs törətsə də mənim həyat yoldaşımın boynuna işgəncə ilə qoydular. Biz həmin vaxtı bu barədə hər yerə şikayətlər etdik, sübutlar təqdim etdik, ancaq əhəmiyyət verilmədi. 14 avqust 2014-cü ilin tarixində Göyçay rayonu Alpoud kəndi sakini Sahib Sabir oğlu Abbasovun qətlini mənim həyat yoldaşım Ələsgər Xudu qğlu Xudiyevin boynuna işgəncə ilə qoyublar. Hansı ki, Sahib Abbasovu mənim həyat yoldaşım qətlə yetirməyib. Belə ki, 22 avqust 2014-cü il tarixdə Sahib Abbasovun Göyçay rayonu Alpoud kəndində yolun kənarında qətlə yetirilmiş meydi tapılıb. Elə həmin günü mənim həyat yoldaşım Xudiyev Ələsgər Xudu oğlunu Göyçay Rayon Polis Şöbəsinə aparıb 1 həftə saxlayıb sərbəst buraxıblar. Həmin vaxt mərhum Sahib Abbasovun yoldaşıma məxsus qanunu ov tüfəngindən açılan atəşlə öldürülmədiyi ekspertiza rəyi ilə subut olunub. Göyçay rayon hüquq mühafizə orqanları bu qətlin, cinayət hadisəsinin üstünün açılmasında səriştəsiz olduqları üçün 4 ay sonra heç bir qanunu əsas olmadan həyat yoldaşım Xudiyev Ələsgər Xudu oğlunu Göyçay Rayon Polis Şöbəsinə aparıblar. Orada ona ağır işgəncə verib özlərinin tərtib etdikləri yalan ifadələrə imza çəkməyə məcbur ediblər”. Şəhid anası H.Teymurova iddia edib ki, Göyçay Rayon Polis Şöbəsində həyat yoldaşına ağır işgəncələr veriblər: “Onu ağır dözülməz işgəncə altında yalan ifadələrə imza etdiriblər, törətmədiyi cinayəti boynuna qoyublar. Övladımı və məni həbs edəcəkləri ilə hədələyib özlərinin tərtib etdikləri yalan ifadələrə imza çəkdiriblər. Bu misli görünməmiş qanunsuzluq və tarixə düşəcək bir ağır cinayətdir ki, Göyçay RPŞ-də bizə qarşı ediblər. Göyçay rayon sakini Sahib Abbasovu mənim həyat yoldaşım Xudiyev Ələsgər Xudu oğlu qətlə yetirməyib, bu tam yalandır. Bizim mərhum Sahib Abbasovla heç bir ədavətimiz, düşmənçiliyimiz və qərəzçiliyimiz olmayıb. Mərhum Sahib Abbasova məxsus Göyçay rayonu Alpoud kəndində yerləşən çörək bişirmə sexində həyat yoldaşım və mən cəmi 4 gün işləmişik. Çörək satılmadığı üçün işlədiyimiz 4-cü gün Sahib Abbasov bizə bildirdi ki, sabah işə gəlməzsiniz, çörək yığılıb qalıb lazım olsa özüm sizə zəng edəcəm. Heç bir narazılıq, qərəzçilik olmayıb. 4 gündə necə onunla aramızda qərəzçilik yarana bilər ki? Bu tam yalandır ki, guya mərhum Sahib Abbasov bizi işlədib pulumuzu vermədiyi üçün ondan qisas almaq məqsədi ilə həyat yoldaşım Ələsgər Xudiyev özünə məxsus olmayan, başqa şəxsə mxsus silahla onu qətlə yetirib. Bunlar hamısı tam yalan, qondarma və saxtakarlıqdır. Səriştəsiz olduqları üçün qətl cinayətinin üstünü aça bilmədiklərindən ağır dözülməz işgəncələrlə törətmədiyi cinayəti günahsız həyat yoldaşımın boynuna qoyublar. Bu tam qanunsuzluq, vəhşilik və özbaşınalıqdır”. Şəhid anası H.Teymurova iddia edib ki, törətmədiyi cinayətə görə həyat yoldaşı Xudiyev Ələsgər Xudu oğlun Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 iyul 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1 və 229.1-ci maddələri ilə təqsirli bilinib, 13 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib: “O, cəzasını hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 saylı Cəzaçəkmə Müəssisəsində çəkir. Oğlum Mütalibin şəhid olmasını həbsdə eşidən atanın hansı hislər keçirməsini təsəvvür etmək mümkün deyil. Çünki Ələsgər törətmədiyi cinayətə görə şərlənərək həbsə atılıb. Şərlənərək həbsə atılan və oğlunun dəfnində iştirak edə bilməyən şəhid atasının fəryadı bəlkə indi eşidilər. Hörmətli Prezident! Sizdən çox-çox xahiş edirəm, and verirəm şəhidlərin ruhuna, yazdıqlarımı tam, hərtərəfli və obyektiv araşdırıb, qətl cinayəti törətməmiş günahsız məhkum olunan həyat yoldaşım Xudiyev Ələsgər Xudu oğlunun azadlığa çıxmasına köməklik göstərəsiniz”. /yenisabah