PKK Ermənistandan “OSA” almaq üçün danışıqlar aparır - Vasitəçiliyi İrana yaxın qüvvələr edir

 Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında bir-birinin ardınca həyata keçirdiyi əməliyyatlar nəticəsində ciddi itkilər verən və fəaliyyət qabiliyyəti kəskin zəifləyən PKK terror təşkilatı Ermənistandan “OSA” zenit-raket kompleksləri almaq üçün danışıqlar aparır. Virtualaz.org xəbər verir ki, bu barədə “Türkiye” qəzeti yazır. Qəzet danışıqların sensasion təfərrüatlarını da çatdırır.

Türkiyə ordusu Hərbi Hava Qüvvələrini, o cümlədən hücum vertolyotlarının və “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrini, xüsusi təyinatlı qüvvələri də cəlb etməklə İraqın şimalında son bir neçə ayda PKK-ya qarşı dalbadal xüsusi əməliyyatlar (“Pençe Kaplan”, “Pençe-Şimşek” və “Pençe-Yıldırım” kod adı altında) həyata keçirir. Bu əməliyyatlar zamanı PKK-nın İraqın şimalındakı yüksək dağlıq ərazilərdə mövcud olan sığınacaqları, silah-sursat anbarları, çoxsaylı yaraqlıları məhv edilib.

Hulusi Akar "Pençe-Kartal" əməliyyatı zonasında

Bildirilir ki, Türkiyə ordusunun xüsusən havadan endirdiyi dəqiq zərbələr qarşısında çətin günlər keçirən PKK pilotsuz təyyarələrə, qırıcılara və vertolyotlara qarşı hava hücumundan müdafiə sistemləri axtarmağa başlayıb. PKK-nın bu məqsədlə müraciət etdiyi ilk ölkə Ermənistan olub. Habelə Liviyada qiyamçı feldmarşal Xəlifə Haftarla da danışıqlar başlayıb.

Qəzetin yazdığına görə, PKK-nın zenit-raket kompleksləri əldə etmək üçün Ermənistanla təmas qurmasında və danışıqların aparılmasında İran kəşfiyyatı xüsusi rol oynayıb. Qəzet İraq və Türkiyə təhlükəsizlik çevrələrindən əldə etdiyi mötəbər məlumatlara istinad edərək yazır ki, PKK ilə Ermənistan arasında aparılan danışıqlarda İranın dəstək verdiyi, İraqda fəaliyyət göstərən “Haşdi Sabi” şiə yaraqlı qruplaşmasının rəhbərliyindən bəzi şəxslər də yer alıb. PKK tərəfdən danışıqlara Tunceli vilayətində anadan olan və erməni əsilli Bese Hozatın və Nuriye Kesbirin rəhbərlik etdiyi heyət göndərilib.

Danışıqları Bese Hozat aparır...

Erməni tərəfdən isə danışıqlarda Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan Azərbaycan ərazilərində mövcudluğunu saxlamış qondarma “dqr”in “təhlükəsizlik şurasının katibi”, Xocalı qətliamını törədənlərdən biri, general Vitali Balasanyan, keçmiş “dqr müdafiə naziri”, 44 günlük müharibə zamanı Azərbaycan ordusunun “Bayraktar”la zərbə endirdiyi, ağır yaralanıb möcüzə sayəsində sağ qalan general, hazırda Ermənistan Müdafiə Nazirliyinin hərbi müfəttişliyinin rəhbəri olan Calal Arutyunyan, digər keçmiş “dqr müdafiə naziri”, general Samvel Balasanyan iştirak ediblər.

44 günlük müharibə zamanı "Bayraktar"la vurulan, amma ağır yaralansa da sağ qalan Calal Arutyunyan indi PKK-ya "OSA" satmaq üçün müzakirələr aparır...

PKK heyəti ermənilərdən İraqın şimalındakı Qəndil dağları da daxil olmaqla azı 5 nöqtədə yerləşdirmək üçün Rusiyanın istehsalı olan 9K33 “OSA” zenit-raket kompleksləri istəyiblər. PKK-çıları bu kompleksləri və digər silahları Ermənistandan “Haşdi Şabi” qruplaşmasının yardımı ilə İraqa çatdırmağı planlaşdırır.

Qeyd edək ki, 44 günlük Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun çoxsaylı “OSA” zenit-raket kompleksləri məhz “Bayraktar”lar və Azərbaycan ordusunun silahlanmasında yer alan kamikadze-dronlar tərəfindən məhv edilib. Bu zenit-raket kompleksləri pilotsuz təyyarələrə qarşı çox aşağı effektivlik nümayiş etdirib.

Bildirilir ki, danışıqlarda erməni tərəfi bu cür fəaliyyətlərin Rusiyadan icazəsiz həyata keçirilməsinin mümkün olmadığını bildirib. PKK-çılara “Əvvəlcə Moskvanı razı salın” deyilib. Amma erməni tərəfi bəzi digər silah-sursatın PKK-çılara verilməsinə dair öhdəlik götürüb.

İranın maliyyələşdirdiyi "Şahdi Şabi" PKK-Ermənistan danışıqlarında vasitəçidir

Qəzet PKK ilə Ermənistan hərbi nümayəndələri arasında bu danışıqların ardınca İraq Müdafiə Nazirliyindən 8 nəfərlik nümayəndə heyətinin Yerevana səfər etdiyinə diqqəti cəlb edir. Məlumata görə, bu danışıqlar zamanı Qarabağ müharibəsinin təcrübəsi, “Bayraktar”ların və Türkiyə ordusunun müharibə taktikasının tətbiqi ətrafında müzakirələr aparılıb.

Nəşrin əldə etdiyi məlumata görə, PKK-nın Ermənistanla danışıqları Türkiyə ordusunun mart ayında İraqın şimalındakı Gara dağlarında həyata keçirdiyi əməliyyatın ardınca başlayıb.

PKK-çılar isə hava hücumundan müdafiə sistemləri əldə etmək üçün Ermənistanla yanaşı Liviyada qiyamçı feldmarşal Xəlifə Haftarla da təmas qurublar. Bu təmaslar Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri, “Yaxın Şərqin qara qutusu” kimi tanınan Enver Gargasın vasitəçiliyi ilə başlayıb. PKK tərəfdən danışıqlara təşkilatın Suriya qolunun rəhbərliyində yer alan Elder Halil göndərilib, danışıqlarda PKK-çılar Haftardan Rusiya istehsalı olan “Pantsir-S1” zenit-top kompleksi istəyib. Bəllidir ki, Haftar Birləşmiş Ərəb Əmirlikləri üzərindən Rusiyadan onlarla “Pantsir-S1” əldə etmişdi və ötən ilin martında Türkiyənin müdaxiləsi zamanı onların bir neçəsi “Bayraktar”lar tərəfindən vurulmuşdu.

Haftar qüvvələrinin "Pantsir" zenit-top kompleksləri: "Bayraktar"lar onlara göz açmağa imkan vermirdi...

Qəzetin istinad etdiyi mənbələr deyiblər ki, danışıqlarda PKK-çılar “Pantsir”lər üçün Haftara sanballı məbləğ təklif ediblər. Habelə bu kompleksin Qəndil dağlarına gizli yollarla daşınacağına vəd veriblər, eyni zamanda söz veriblər ki, PKK Haftarın tərəfində döyüşmək üçün mərhələli şəkildə 3 min döyüşçü göndərəcək. Lakin Haftar Türkiyənin PKK-ya “Pantsir”lərin verilməsinə görə hansı kəskin reaksiya göstərəcəyini nəzərə alaraq əvvəlcə kürd terror təşkilatının nümayəndələrini “yola verməyə” çalışıb. Daha sonra onlara bildirilib ki, mövcud şərtlərdə belə yardım mümkün deyil.

 






Fikirlər