Başlandı: İrəvanda “artsax dövlətçiliyinin qorunması komitəsi” yaradıldı...

Başlandı: İrəvanda “artsax dövlətçiliyinin qorunması komitəsi” yaradıldı...

"Bu, Putinin 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatından sonra Qarabağda başlatdığı yeni “KQB”-“FSB” ssenarisinin Ermənistandakı ilk cücərtiləridir..." 
 
Ermənistanın “Demokratik konsolidasiya” partiyasının sədri Suren Petrosyanın təsis etdiyi “artsax dövlətçiliyinin qorunması komitəsi” Ermənistanda yeni siyasi gündəm müəyyən edib.
 
Moderator.az xəbər verir ki, bu haqda “Johovurd” qəzeti məlumat yayıb.
 
“Hakimiyyətin və müxalifətin susmasını” vurğulayan Petrosyan ötən gün mətbuat konfransı zamanı komitənin prioritetlərini açıqlayıb. 
 
“A. artsax respublikasının subyektivliyinin və ilkin mandata malik qurumlarının qorunması
 
B. artsax respublikası vətəndaşlarının öz müqəddəratını təyinetmə hüququnun Ermənistan Respublikası və beynəlxalq məhkəmələr tərəfindən tanınması
 
C. artsax respublikası vətəndaşlarının öz vətənlərinə təhlükəsiz qayıtmasının təmin edilməsi”.
 
“Johovurd” qəzeti öz mənbələrindən öyrənib ki, Suren Petrosyan artıq  gorbagor separatçı-terrorçu rejimin bir neçə üzdəniraq “deputatı” və “naziri” ilə görüşməyə və “prioritet”ləri müzakirə etməyə nail olub.
 
“Bizə məlumat verildi ki, yaxın həftə ərzində komitənin formatında yeni inkişaflar gözlənilir”- erməni nəşri belə yazır.
 
Xatırladaq ki, keçmiş separatçı-terrorçu rejimin sonuncu “prezidenti” Samvel Şahramanyan, sabiq “müdafiə naziri” Samvel Babayan, qondarma “ombudsman”  Qegam Stepanyan və s. başda olmaqla bir sıra liderləri Ermənistana keçməyi bacarıb... 
 
P.S. Hələ 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatından bir müddət sonra yazmışdıq ki, Putin Qarabağda yeni “KQB”-“FSB” ssenarisi başladıb. Ondan sonra  "sülhməramlı"ların Qarabağdan köçən erməniləri geri qaytarması, Qarabağdakı separatçı-terrorçuların silah-sursatla təmin edilməsi, indi isə yenidən kütləvi şəkildə Ermənistana köçmələri  və s. həmin ssenarinin tərkib hissəsidir. Hesab edirik ki, Kremlin növbəti planlarına, imperiyanın varlığını qoruyub saxlayacaqları təqdirdə, bir müddət sonra – məqamı yetişəndə Qarabağdan köçmüş hayların geriyə qayıtma, “torpaqlarını azad etmə”, “dövlətçilik”lərini bərpa arzusu və enerjisindən yararlanaraq Azərbaycan dövlətini və xalqını təzyiq altında saxlamaq, yenidən hayların Qarabağda “partizan”-təxribat hərəkatını təşkil etmək,  və s. daxildir. İrəvanda sarsax ideologiyalı hay siyasətçilərinin “artsax dövlətçiliyinin qorunması komitəsi”ni yaratması da məhz bu ssenarinin ilk cücərtiləridir... O "100 minlik köç" hələ çox su aparacaq...
 
S.Laçın






Fikirlər