“Özünə jurnalist deyə bilər, amma mən Anar Vəziroğlunun bircə yazısını da oxumamışam”
Sosial verilişlərdə qalmaqallı səhnələr, atmaca və davalar artıq adi hala çevrilib. Vəziyyət o yerə çatıb ki, artıq heç kəs bu kimi hallara təəccüblənmir. Hətta ekspertlər təkcə efirə gələn şikayətçiləri yox, eyni zamanda öz həmkarlarını da qınaq obyektinə çevirir, onlara qarşı ağır ifadələr işlədirlər. Qeyd edək ki, oxşar vəziyyət “Elgizlə izlə”verilişinin ötən buraxılışlarından birində də yaşanıb. Aparıcı verilişin qonağı olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, Opera və Balet Teatrının solisti Afaq Ağayevadan günə necə başladığını soruşub. Afaq xanım həyət evində yaşadığını xatırladaraq, belə deyib: "Əvvəl toyuq-cücəyə dən səpirəm, sonra həyət-bacanı süpürüb samovarı qaynadıram". Verilişin eksperti Anar Vəziroğlu isə həmin xanımın gördüyü bu işlərə görə onu savadsız adlandırıb. Məsələ ilə bağlı "Vəfa" Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin rəhbəri, tanınmış televiziya eksperti Fatimə Hacıbəyli “Yeni Sabah”a danışıb. O bildirib ki, ekspertlər gündəmə gəlmək üçün belə ifadələr işlədirlər: “Ekspertlərin bu kimi təhqiredici davranış və sözləri gündəmə gəlmək üçün bir vasitədir. Hazırda jurnalistlərin çoxu imzası ilə tanınmır. Tanınanlar isə barmaqla sayılacaq qədər məhduddur. Bəzi jurnalistlər isə qışqırıqla, insanları təhqir etməklə məhşurlaşırlar. Ancaq elə ekspertlər insanlara təhqir yağdırır ki, həyatına baxanda nə qədər səhv görmək mümkündür. Hər zaman deyirəm ki, ekspert olaraq kimisə efirə dəvət etməmişdən öncə həmin şəxs haqda kifayət qədər məlumatlı olmalıyıq. Yalnız o zaman deyə bilərik ki, bu ekspertin kiməsə söz deməyə haqqı çatır, ya yox. İllərdir ki, sosial verilişlərdə ekspert qismində çıxış edirəm. Ailəliyəm, övladlarım var, onların da öz ailəsi var. 30 ilə yaxındır ki, məktəbdə işləyirəm və eyni kollektivlə çalışıram. Kim istəsə, məni araşdıra bilər. Hazırda mənim söz deməyə haqqım çatır. Ancaq bu əsas vermir ki, kimisə qınayıb, onu təhqir edim. Bu ixtiyar heç kəsə verilmir. Şikayətçilər narazı qaldıqları məqamdan danışmaq üçün verilişə üz tuturlar. Bu səbəbdən həmin adama sözümüzü təhqirlə yox, tənqidlə çatdırmalıyıq. Sözügedən ekspertlər isə, gündəmə gəlmək üçün qışqır-bağır salırlar. Şou göstərmək isə mənlik deyil, çünki əsəbləşəndə real olaraq bunu ifadə edirəm“. Mən özüm də həyət evində yaşayıram. Toyuq-cücə saxlamasam da, evdə itim və həyətdə pişiklər var. Yuxudan oyanıb, onlara yemək verirəm. Daha sonra həyəti süpürüb, evi yığışdırıb yemək hazırlayıram. Bütün bunların hamısı normaldır. Nə olsun ki, mən iş adamıyam? Həm də evimin xanımıyam. Anar müəllim bu sözləri nəyə əsasən deyir? O bina evində qalır və buna görə də toyuq-cücəsi, it-pişiyi yoxdur deyə deməli həddən artıq savadlı adamdır? Anar Vəziroğlu kənddə böyüyüb, o bilmir ki, həyət evində nələr etmək lazımdır? O özünə jurnalist deyə bilər, lakin mən Anar Vəziroğlu imzası olan bir yazı belə oxumamışam”. Fatimə Hacıbəyli sosial verilişlərin aparıcılarında heç bir günah olmadığını vurğulayıb: “Belə məsələlərdə aparıcıları qınamıram. Elə aparıcı var ki, verilişində 2 dostu bir-birilə üz-üzə qoyub. Çünki şou yaratmaq aparıcının işidir. Burada günah efir xatirinə öz dostunu ayağa verən ekspertlərdədir. Belələri sadəcə efirdə aparıcıların kuklalarıdır”.