Bakteriya aşkarlanan dondurmalar bir aydır SATIŞDADIR - AQTA hara BAXIR? - FOTOLAR

Bakteriya aşkarlanan dondurmalar bir aydır SATIŞDADIR - AQTA hara BAXIR? - FOTOLAR

Məlum olduğu kimi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) keçirdiyi monitorinq nəticəsində ticarət şəbəkələrində satılan dondurmaların bəzi çeşidlərində bakteriya aşkarlayıb. 

Müvafiq laboratoriyalara təqdim edilən 26 istehsalçıya məxsus 69 dondurmadan nümunə götürülüb.Sınaq nəticələrinə əsasən, 4 istehsalçıya məxsus 10 məhsulda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb.

Maraqlıdır ki, satış mərkəzlərində aparılan monitorinqlərdən bir aya yaxın vaxt keçsə də və nöqsanlar aşkarlansa da, həmin firmalara məxsus dondurmalar hələ də satışdadır. Yəni bakteriya daşıyıcısı olan bu dondurmaların çox rahat şəkildə həm iri, həm də xırda marketlərdə satışı həyata keçirilir. 

“Zəhərli” dondurmalar bir addımlığımızda 

Qeyd edək ki, Agentlik tərəfindən rəsmi açıqlanan məlumatda bildirilmişdi ki, konkret istehsal tarixli məhsulların satışdan geri çağırılması ilə bağlı proses davam edir. Prosesin niyə bu qədər uzun çəkməsinin səbəbləri açıqlanmasa da, görünən odur ki, təhlükə bir addımlığımızdadır.

Amma bir aya yaxındır “zəhərli” dondurmaların nə qeyd olunan tarixli məhsulları, nə də ondan sonra gələn partiyaları satış nöqtələrindən yığışdırılır. Üstəlik bəzi marketlərdə sözügedən dondurmaların satışı endirimlə də təklif olunur. Halbuki bu dondurmalar bakteriya aşkarlanan gün bütün satış nöqtələrindən götürülməli idi. 

Yenisabah.az xəbər verir ki, Bizim.Media əməkdaşı bu günlərdə məsələ ilə bağlı bəzi iri marketlərdə müşahidə aparıb. Apardığımız müşahidələrdə “Araz” marketlər şəbəkəsinin demək olar ki, bütün filiallarında bakteriya aşkarlanan dondurmaların satışda olduğunun şahidi olduq. Kiçik marketlərdə də bu dondurmalar rahat şəkildə alıcıların ixtiyarına verilib.   

AQTA insanların sağlamlığı ilə “oynayır”?  

İnsanların, xüsusilə də uşaqların sağlamlığı üçün təhlükə mənbəyi olan dondurmaların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativlərə uyğun olması vacib şərtlərdən sayılsa da, cavabdeh qurum bu məsələyə hələ də biganəliyini nümayiş etdirməkdədir. 

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət etsək də, qurumdan hər hansı cavab ala bilmədik. 






Fikirlər