VİDEO: AZƏRBAYCANDA DÜNYAYA NÜMUNƏ SAYILACAQ ADDIM
Bu gün Azərbaycanda dünyaya nümunə sayılacaq addım atılıb. Dünyada dinlər və məzhəblərarası gərginlik yaratmaq istəyənlərin inadına Bakıda möhtəşəm “Heydər” məscidində sünni və şiələr birlikdə cümə namazını qılıblar. Vəhdət namazından sonra birlikdə dua da edilib. Azan səsi şiələrlə sünniləri birlikdə vəhdət namazına topladı. Görüntülər Bakıdakı “Heydər” məscidindəndir. Bu təşəbbüs ulu öndərin vəfatının ildönümündən başlayıb və artıq bir neçə həftədir ki, böyük dəstək qazanaraq davamlı icra edilir. Həm şiə, həm də sünni məzhəbinin nümayəndələrinin vahid məkanda, bir sırada duraraq ibadət etməsi ölkəmizdə dövlət tərəfindən həyata keçirilən tolerantlıq və multikulturalizm siyasətinin nəticəsidir. Dünyaya tolerantlıq nümunəsi sayılan bu təşəbbüs əsasında bu məsciddə Cümə namazları növbəli şəkildə - bir həftə əhli sünnənin İmamı, növbəti həftə isə əhli şiənin imamının rəhbərliyi ilə qılınır. Gözəlliyi ilə diqqəti cəlb edən "Heydər" məscid kompleksi Prezident İlham Əliyevin tapşırığı ilə inşa olunub və 2014-cü ildə istifadəyə verilib.