GENERAL VƏLİ ƏLƏSGƏROV HƏBS OLUNDU? – “Hər gün başına torba keçirilərək istintaqa aparılır…”
Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri, general-leytenant Vəli Ələsgərov həbs olunub. Bu barədə “Azadlıq”a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Vəli Ələsgərovun barəsində martın 7-də həbs-qətimkan tədbiri seçilib. O, hazırda Naxçıvanda istintaq təcridxanasında saxlanılır. İstintaqı isə Naxçıvan MR prokurorluğu aparır. Keçmiş nazirə qarşı CM-nin 179-cu (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələrilə ittiham irəli sürüldüyünü deyən mənbə onu da qeyd edir ki, Vəli Ələsgərova qarşı xüsusi qəddar münasibət nümayiş etdirilir. “Onun üzərindəki işgəncə izləri uzun müddət getməyib. Onun həbsindən dərhal sonra 50-yə qədər qohumu işdən çıxarılıb. Hətta avtobus sürücüsü işləyən bibisi oğlunu da işdən uzaqlaşdırıblar. Hətta prezidentin ona verdiyi Bakıdakı evi də əlindən alıblar”, – deyə mənbə bildirib. Məlumata görə, Vəli Ələsgərov vəkilsiz saxlanılır. Keçmiş nazirin həbsinin əsl səbəbinə gəlincə, mənbə bildirir ki, müvafiq dairələrə onun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla yaxın əlaqədə olması barədə məlumatlar ötürülüb. AzPolitika.info-ya daxil olan məlumatlara görə, V.Ələsgərov MR rəhbərini və onun ailə üzvlərini dinləməkdə, mütəmadi olaraq onlarla bağlı Bakıya – Eldar Mahmudova dosyelər ötürməkdə şübhəli bilinir. Bundan başqa, V.Ələsgərovun MTN rəhbərlərindən biri ilə telefon danışığında Vasif Talıbovla bağlı sərt və təhqiredici sözlər işlətdiyi, bu söhbətin audioyazısının MR rəhbərinə təqdim olunduğu haqda da məlumatlar var. Bir başqa iddiaya görə isə, Vasif Talıbova V.Ələsgərovun hansısa xarici dairə ilə (İstisna deyil ki, söhbət Eldar Mahmudovun bağlı olduğu xarici qüvvədən gedir-R.Ə) gizli əlaqələrini sübut edən fotolar təqdim olunub və MTN başçısı bundan sonra vəzifəsindən azad olunaraq, nəzarət altına alınıb. “AzPolitika” Vəli Ələsgərovun həbsi barədə xəbəri dəqiqləşdirməyə çalışıb. Onun barəsində həbs-qətimkan tədbirinin seçildiyi xəbəri təsdiq olunmasa da, bir mənbə bildirib ki, Vəli Ələsgərov demək olar ki, hər gün evindən başına torba keçirilərək, nümayişkaranə şəkildə istintaqa aparılır, axşam isə geri qaytarılır. Xatırladaq ki, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun ötən il dekabrın 18-də imzaladığı sərəncamla Vəli Ələsgərovu vəzifəsindən uzaqlaşdırılıb və ev dustağı edilib.