VASİF TALIBOVUN QƏZƏBİNƏ GƏLƏN 2 GENERALLA BAĞLI ŞOK – Eldar Mahmudovun Naxçıvandakı villası dağıdıldı!
Keçmiş MTN şefi MR rəhbərini və yaxın ətrafını izləyib; Naxçıvandan Bakıya kompromatlar ötürülüb! Naxçıvanın 2 nüfuzlu generalı – MR-in sabiq Milli Təhlükəsizlik naziri, general-leytenant Vəli Ələsgərov və Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayevlə bağlı sensasiya xarakterli məlumatların ard-arası kəsilmir. Vəli Ələsgərov məlum olduğu kimi, vəzifəsindən uzaqlaşdırılıb, ev həbsində olduğu haqda məlumatlar var. Kərəm Mustafayev isə hələlik vəzifəsinin başındadır, lakin son 10 gündə bir neçə əhəmiyyətli tədbirdə görünməyib. Hər halda MR Ali Məclisinin sədri Vasif Talıbovun son günlərdə hərbi hissələrdə keçirdiyi bir görüş və bir açılışda Əlahiddə Ordunun Komandanı iştirak etməyib. Bir neçə gün əvvəl isə, Əlahiddə Ümumqoşun Ordusunun maliyyə xidmətinin rəisi Elşad Rzayev həbs olunub. E.Rzayev komandana yaxın zabitlərdən biri olub. K.Mustafayevin illərdir Naxçıvan Ordusunun tikinti-quraşdırma işlərinə nəzarət edən qardaşı Nemət Mustafayevlə bağlı müəmma isə, hələ də aktuallığını qoruyur. Onun həbsi barədə məlumatlar rəsmən nə təkzib, nə də təsdiq olunur. Naxçıvanda bu iki nüfuzlu, təsirli generalın ətrafında baş verənlərlə bağlı sızan məlumatlar, həmçinin aparılan müşahidə və təhlillər bu qənaətə gəlməyə əsas verir ki, istər Vəli Ələsgərovun “vurulması”, istərsə də Kərəm Mustafayevlə bağlı proseslərin “MTN işi” ilə bağlılığı var. Yəni ən ağılabatan versiya budur ki, bu generallar keçmiş MTN başçısı Eldar Mahmudovla hansısa gizli əlaqələrinə görə MR rəhbərinin qəzəbinə gəliblər.Bu xüsusda “AzPolitika.info”ya növbəti sensasiyalı məlumatlar daxil olub. Bu məlumatlardan biri xüsusilə diqqəti çəkir və Naxçıvanda 2 general ətrafında cərəyan edən prosesləri çözmək baxımından “açar” rolunu oynaya bilər. Son dərəcə mötəbər qaynaqdan saytımıza daxil olan məlumata görə, Eldar Mahmudov, başda Vasif Talıbov olmaqla, Naxçıvanın bütün iri məmurlarını dinləyib və onlarla bağlı kompromatlar toplayıb. Təbii ki, bu işdə MR MTN-i də ciddi rol oynayıb. Məlumata görə, Vəli Ələsgərov mütəmadi olaraq Eldar Mahmudova Ali Məclisin sədri, onun yaxınları, oğulları və digər yerli rəhbərlərlə bağlı dosyelər ötürüb. Eldar Mahmudov işdən çıxarıldıqdan və MTN-də həbslər başladıqdan sonra isə Vəli Ələsgərov ciddi-cəhdlə Naxçıvandan uzaqlaşmağa, Bakıda MTN-də vəzifə almağa çalışıb. İstisna deyil ki, hətta Vasif Talıbov özü də belə bir xahişlə “yuxarılara” üz tutub. Lakin yeni MTN rəhbəri Mədət Quliyev bu planları pozub. O, Vəli Ələsgərovun mütəmadi olaraq Eldar Mahmudova Vasif Talıbov və digərləri ilə bağlı kompromatlar ötürdüyünü açıqlayıb. Bundan sonra qəbul edilən qərarlar isə göz önündədir. Məlumatlı mənbə deyir ki, Vəli Ələsgərov Naxçıvan MR-in daxili işlər naziri Əhməd Əhmədovu məhv etmək üçün də əlindən gələni edib. Belə ki, o, Ə.Əhmədovu həm Vasif Talıbovun qəzəbinə gətirməyə çalışıb, həm də Eldar Mahmudova onunla bağlı kompromat materialları ötürüb. Məsələn, bir dəfə MR rəhbərinə məlumat veribmiş ki, guya daxili işlər naziri öz iş otağında quraşdırdığı monitorlar vasitəsilə kimlərisə izləyir. Mərkəzləşdirilmiş müşahidə sisteminin açılışı zamanı isə kameraların yol hərəkəti qaydaları ilə bağlı quraşdırıldığı bəlli olanda, Talıbov hamının qarşısında üzünü V.Ələsgərova tutaraq “deyirdin bəs nazir monitoru o məqsəd üçün quraşdırıb”, deyə ona iradını bildirib. Naxçıvandan əldə etdiyimiz bir başqa sensasiyalı məlumat isə Eldar Mahmudova möhtəşəm villanın tikilməsi barədədir. Naxçıvan şəhərində, “Naxçıvançayın” qırağında bir neçə ilə əvvəl tikilmiş bu möhtəşəm villadan hazırda əsər-əlamət belə qalmayıb – villanı tikənlərlə Eldar Mahmudovun gizli əlaqələri üzə çıxandan sonra Vasif Talıbov bu möhtəşəm tikilini bünövrəsinə qədər sökdürüb! Naxçıvanda hamı bu villa-sarayın Vəli Ələsgərov tərəfindən tikilərək Eldar Mahmudova hədiyyə edildiyini bilirdi. Lakin indi məlum olur ki, adı Vəli Ələsgərovun olsa da, əslində Eldar Mahmudova hədiyyə olunmuş villanın bütün tikinti-təmir xərcləri Kərəm Mustafayevin qardaşı Nemət Mustafayevin “üzərinə yüklənib”. Bu fakt həmin vaxt MR rəhbərinə məlum olub, yoxsa üstü indi açılıb, deyə bilmərik. Lakin N.Mustafayevin saxlanılması barədə təkzib olunmayan məlumatlar onun özbaşına, hansısa gizli sövdələşmələr hesabına işlər gördüyünü və bu işlərin MTN başçısı Vəli Ələsgərov tərəfindən ört-basdır edildiyini ehtimal etməyə əsas verir. Bu baxımdan, istisna deyil ki, Eldar Mahmudov üçün tikilən sarayın xərclərinin Nemət Mustafayev tərəfindən ödənməsi də özfəaliyyət olub və bu fakt da MR rəhbərinə məlum olmayıb. Beləliklə, görünən budur ki, həm Kərəm Mustafayev, həm də Vəli Ələsgərov Eldar Mahmudovla hansısa gizli əlaqələrin cəzasını çəkirlər. AzPolitika.info