«Braziliyadakı olimpiada təxirə salınsın!» – Bütün dünyanın həkimləri çağırış etdi
Xarici KİV-in yaydığı məlumata görə, dünyanın müxtəlif bölgələrində fəaliyyət göstərən həkimlər Braziliyada keçiriləcək Olimpiya oyunlarının təxirə salınması barədə çağırış ediblər. Bu, Zika virusuna yoluxmaq təhlükəsi ilə bağlıdır («Exo Moskvı»). Ümumdünya səhiyyə təşkilatının (ÜST) başçısı Marqaret Çana ünvanlanmış açıq məktubda deyilir ki, Rio-de-Janeyroda keçirilməsi gözlənilən Olimpiada-2016 təxirə salınmalıdır. Məktubu, ən müxtəlif ölkələrdən, ilk növbədə, ABŞ-dan olan 100-dən atıq həkim imzalayıb. Onların müraciətində deyilir: «Rioda Oyunların keçirilməsi qaçılmazdır kimi geniş yayılmış fantastik əhval-ruhiyyəyə və «bu tədbirin süqutuna yol vermək olmaz» kimi israra baxmayaraq, biz, bu çağırışı edirik». Həkimlər xəbərdarlıq edirlər: «Zika virusunun Braziliya ştammı insan sağlamlığına elə yollarla ziyan vurur ki, əvvəllər bu yollar elmdə müşaiyət olunmayıb». Onlar hesab edirlər ki, Olimpiada iştirakçılarını belə risklərlə üz-üzə qoymaq etik davranış sayıla bilməz. ÜST isə bundan qabaq belə bir bəyanat yaymışdı ki, Olimpiada-2016-nın ləğv edilməsi və ya onun keçirilmə yerinin dəyişdirilməsi Zika virusunun yayılması məsələsinə əhəmiyyətli təsir göstərməyəcək. Təşkilatın məlumatına görə, hər il milyonlarla insan Cənubi Amerikaya səyahət edir, amma bu, virusun yayılmasına təsir göstərmir.