Azərbaycanın daha bir idmançısı dopinqdə "İLİŞDİ"

Azərbaycanın ağırlıqqaldırma üzrə yığmasının daha bir üzvinin dopinq testindən keçə bilmədiyi deyilir.

Beynəlxalq Ağır Atletika Federasiyası Pekin Yay Olimpiya Oyunlarında dopinq testi müsbət nəticə verən daha 3 idmançının adını açıqlayıb.

Apasport.az-ın xəbərinə görə, siyahıda Azərbaycan millisinin ağırlıqqaldıranı Sərdar Həsənov da var.

Sərdar Həsənovdan götürülən analizin təkrar yoxlamada müsbət nəticə verdiyi bildirilir. Onun orqanizmində deqidroxlorometiltestosteron aşkarlandığı qeyd edilib. Nəticədə onun bütün yarışlardan diskvalifikasiya edildiyi söylənir. Dopinqdən istifadə təsdiqlənərsə, onun dəqiq cəzaları açıqlanacaq.

Həsənov kimi Azərbaycan yığmasının digər üzvü Boyanka Kostova da London-2012-də qadağan olunan preparatlardan istifadədə günahlandırılıb. Onun orqanizmində deqidroxlorometiltestosteron və stanozolol maddələrinin aşkarlandığı açıqlanıb. Milliləşdirilmiş legioner Beynəlxalq Ağır Atletika Federasiyasının yekun qərarını gözləyir.

Ancaq bu iki ağırlıqqaldırandan başqa da son vaxtlar Azərbaycanın dopinq testindən keçə bilməyən idmançıları var. ABŞ-ın Hyuston şəhərində təşkil olunan dünya çempionatında dopinq testdən keçə bilməyən Elxan Əliquluzadə, Silvia Angelova, Firudin Quliyev, Valentin Hristov və İntiqam Zairov 8 il müddətinə diskvalifikasiya olunub. Onların cəzaları 2023-cü ilin dekabrında yekunlaşacaq. Dadaş Dadaşbəyli isə 4 illik cəzaya məruz qalıb. Onun cəza müddəti 2019-cu ilin dekabrınadək nəzərdə tutulub. Həmçinin, Hristov-un həmin çempionatda qazandığı bürünc medalı əlindən alınıb.

Bununla da Azərbaycan olimpiadaya qazandığı 4 lisenziyadan məhrum edilib.






Fikirlər