“AVRO-2016”da fİNAL gecəsi: niyə FRANSA?!

“Avro-2016”da final gecəsi: niyə Fransa?

 

 

   
Bu da 15-ci Avropa çempionatının Fransa-Portuqaliya finalı. Ronaldo “biz finala layiqiq” deyəndə səmimi olmadığı aydındır, çünki bu, çoxları üçün gözlənilməz finaldır.  Baxmayaraq ki, bu komandalar hələ çempionatdan əvvəl favorit hesab olunurdular, amma bu bir ayda rəylər çox dəyişmişdi. Fransa qrupda Albaniyanı yalnız son dəqiqələrdə vurduğu qollarla udanda da, Portuqaliya qrupdan 3 xalla zorla çıxanda da... Fransa pley-off mərhələsini rahat keçdi, Portuqaliya penaltilərlə. 
 
Fransa bu çempionatın finalını haqq edən üç komandadan biridirsə, Portuqaliya finala layiq deyildi. Amma daha idmanda da “yüz faiz” qələbə yoxdur, hərdən hakimin üzgörənliyi, hərdən bəxtin gətirməsi idmanda qələbənin yarısını təmin edir. Fransa Almaniya ilə yarımfinal oyununda yaxşı müdafiə olundu və qalib gəldi. Portuqaliya da Uelslə yarımfinalda bəlkə də bu çempionatda ən yaxşı oyununu göstərdi və finala çıxdı. Amma daha dayanmaq vaxtı deyilmi?  
Fransanın bu çempionata qədər başına olmazın müsibətlər gəldi, ölkə terrorçuların əsas hədəfi oldu. Fransa bu çempionatı terror təhdidlərinə baxmayaraq, yüksək səviyyədə təşkil etdi. Yaxşı da komanda yaradıblar, niyə  mükafat da onların olmasın? 
Fransa millisinə uzun illərdir azarkeşlik edə bilmirəm və bunun səbəbləri sırasında rəsmi Parisin şöğərib erməni siyasəti də var.  Portuqaliyanın, pis anlaşılmasın, son illər “burnu” da qanamayıb, Avropanın əlində girinc qaldığı üç-dörd ərəb qaçqınına sığınacaq üçün, deyəsən, heç ev də verməyib, indi niyə Avropanın ən nüfuzlu kubokunu öpüb vətəninə aparsın ki? Bu gecə sevinmək Fransa prezidenti Fransua Ollandın və fransız xalqının haqqı. Bu haqqı Fransa dövlətindən almaq çətin olacaq, həm də çox çətin...
Antuan Qrizmann  “Fransa azarkeşlərinə görə qalib gəlməyə məcburuq” deyəndə, inanın ki, çox səmimidir...
Portuqaliyanın “qırx”ı
Portiqaliyanın çempionluğuna Azərbaycanda da inananlara uğurlar arzulamaq istərdik, amma bir faktı yada salmaqla: fransızlar Portuqaliyaya axırıncı dəfə  “Ronaldo anadan olmamışdan 10 il əvvəl” (sitat uefa.com saytından götürülüb-N.S) uduzublar. Yəni Fransa Portuqaliyaya 40 ildir qalib gəlir. Sonuncu dəfə Portuqaliya fransızları 1975-ci ildə yoldaşlıq görüşündə 2:0 hesabı ilə udub.  
Bu komandalar indiyədək 24 dəfə qarşılaşıblar. Son 10 oyunda Portuqaliya qələbə nə olduğunu bilmir. Ümumilikdə, 18 dəfə  fransızlar, 5 dəfə Portuqaliya qələbə qazanıb. Cəmi bir görüş heç-heçə nəticələnib. Beynəlxalq turnir çərçivəsində son dəfə 2006-cı il dünya çempionatının ¼ finalında qarşılaşıblar. Zinəddin Zidanın qolu ilə Portuqaliya evə medalsız dönüb. Son olaraq  komandalar 2015-ci ildə Lissabonda yoldaşlıq görüşündə qarşılaşıblar ki, bu oyunda da  fransızlar bir top fərqi ilə qalib gəlib.  
***
İki dəfə qitə çempionluğunun bayram etmiş (1984 və 2000-ci il) Fransa həm də  Avropa çempionatlarının 9-da iştirak edib, 7-ci dəfədir isə dalbadal bu turnirə qatılır. Portuqaliya da yeddinci  dəfədir ki, Avropa çempionatında ardıcıl iştirak edir. 2004-cü il Portuqaliyada keçirlən Avropa çempionatının finalında ev sahibləri ilk dəfə çempionluğa çox  yaxın olmuşdular. Amma məlum, Yunanıstana 0:1 hesabı ilə uduzaraq çempion ola bilmədilər.  
***
Portuqaliya milisi üçün bu gün oynayacaqları “Stad-de-Frans” uğurlu stadion deyil. Bundan əvvəlki iki görüşdə Fransa 4:0 (2011-ci il) və 2:1(2014) hesabı ilə qalib gəlib. Bu gün Portuqaliya üçüncü dəfə şansını sınayacaq...
Portuqaliya 2012-ci il Avropa çempionatında İspaniya ilə qarşılaşma da daxil son altı oyunu heç-heçə başa vurub. Yalnız yarımfinalda Uelslə oyunda(2:0) bu tilsim qırılıb.    
Ötən Avropa çempionatında Portuqaliya indikindən daha güclü komanda idi. 2012-də Paulu Bentunun rəhbərliyi altında Almaniya, Hollandiya, Danimarka kimi komandalarla mübarizədə qrup mərhələsindən çıxdı, yarımfnaladək irəlilədi və gələcək çempion İspaniya ilə   penallaşmada uduzaraq mübarizəni dayandırdı.  
Fernandu Santuş Portuqaliya millisinə 2014-cü ilin sentyabrında rəhbərlik edir. Santuş Yunanıstan milisindən əvvəl “Portu”, “Benfika” və “Sportinq” komandalarını çalışdırıb. 61 yaşlı məşqçinin komandaya rəıhbərlik etməsindən sonra Portuqaliya millisi FİFA-nın reytinqində 8-ci yerə yüksəlib. İndi də komandanı finala çıxarıb. Nə deyəsən ki, afərin, Santuş...  
***
Son üç Avropa çempionatının finalında qalib komanda qapısından top buraxmayıb. Sonuncu dəfə Avropa çempionatının finalının taleyi əlavə vaxtda 2000-ci ildə müəyyən edilib. David Treziqenin “qızıl qol”u ilə Fransa İtaliyanı məğlub edib. Avropa çempionatının finalında qalib ilk və son dəfə penaltilər seriyası ilə 1976-cı ildə müəyyən edilib. Çexoslavakiya finalda AFR ilə qarşılaşmada penaltilərlə çempionluğu bayram edib. 
***
Daha bir maraqlı fakt da var. Antuan Qrizmann haqda yazımızda da qeyd etmişdik ki, Fransa millisinin forvardı ana tərəfdən portuqaliyalıdır. Uefa.com yazır ki, Qrizmannın babası Amaru Lopeş Portuqaliyanın “Pasuş” klubunda oynayıb. Yəni Fransa millisinin oyunçusu bu gecə baba yurduna qarşı oynayacaq.     
 
Sonda. Final qarşılaşmasını İngiltərədən olan hakim Mark Klatterburq idarə edəcək... 
Nazim Sabiroğlu






Fikirlər