"Dindar" federasiya rəhbərliyi və çimərliyə sovrulan pullar — ARAŞDIRMA

"Dindar" federasiya rəhbərliyi və çimərliyə sovrulan pullar — ARAŞDIRMA

Çimərlik futbolu ölkəmiz üçün yeni idman növləri siyahısındadır. Çox qısa tarixə malik olsa da, bu növdə artıq mili komandamız da formalaşıb, müəyyən işlər görülüb, ilk illərdə hətta çempionat da keçirilib. Amma... Bax elə əsas məsələ də bundan sonradır.

İlk öncə bu futbol növü və onun spesifikası haqqında qısa məlumat verək. Çimərlik futbolu Braziliyanin Kopakabana çimərliyində bir qrup insan tərəfindən yaradılıb və sonradan inkişaf elətdirilib. 2000-ci ildə ilk turnir də məhz Braziliyada keçirilib.

2007-ci ildə isə FİFA ilk dünya kuboku yarışını təşkil edib. Əvvəl hər il keçirilən yarış son beş ildə iki ildən bir keçirilməyə başlayıb. Çimərlik futbolu ayaqyalın və qumda oynanılır, yüksək fiziki hazırlıq tələb edən idman növüdür.

Çimərlik futbolu haqda bu qədər. İndi isə gəlin görək bu idman növünü Azərbaycanda necə inkişaf etdirirlər. Yaxud hansı yollarla məhv edirlər?

2008-ci ildə Çimərlik Futbolu üzrə Avropa Kuboku yarışları Azərbaycanda keçiriləndə azarkeşlər də ümidlənmişdilər. Böyük futboldan əlini üzən Azərbaycan azarkeşi düşünürdü ki, heç olmasa bununla təsəlli tapacaq. İnsafən, iki il ardıcıl xeyli sayda komandanın iştirakıyla müxtəlif turnirlər də təşkil olunurdu. Elə məhz bundan sonra bu ekzotik idman növünə olan maraq daha da artdı, Braziliyadan milli komandaya baş məşqçi gətirildi və sair.

Lakin bütün bunlar 2010-cu ilə qədər idi. Ardınca milli komandada məşqçi dəyişiklikləri mərhələsinə start verildi, çempionat dayandırıldı...

Şübhəsiz ki, uğurlar rəhbər şəxslərin ayağına yazıldığı kimi, uğursuzluqlara da məsul onlardır. Deməli, bütün bunların səbəbkarı və günahkarı birmənalı olaraq Çimərlik Futbolu Federasiyası və qurumun rəhbəri Fərid Novruzidir.

Daha çox biznesmen kimi tanınan "Novko" Şirkətlər Qrupunun rəhbəri olan bu şəxs məsul olduğu sahəni elə bir vəziyyətə saldı ki... Çox sadə bir misal. Birinci Avropa Oyunlarında ölkəmiz demək olar ki, bütün idman növlərində uğur qazandı.

Yalnız çimərlik futbolunda millimiz bütün görüşlərdə biabırçı hesablarla uduzaraq turniri son pillədə başa vurdu. Halbuki Portuqaliyadan gətirilən baş məşqçi və köməkçisinə ayrılan vəsaitlə normal ölkə birinciliyi keçirmək olardı. 2014-cü ildə Bakıda təşkil olunan Avropa kubokunda tutduğumuz sonuncu yer isə federasiya rəhbərliyinin naşınılığın pik həddində olduğunu göstərirdi. Buna rəğmən, eyni rəhbərlik saxlanıldı və bir il sonrakı nəticə də məlumdur.

Elə indi də AFFA-nın baş katibi Elxan Məmmədovun hamilik etdiyi Fərid Novruzi-Fərid Məmmədov cütlüyü "işlərini" davam etdirirlər. Bəzi hallarda onları tənqid edənləri təhqir etməkdən belə çəkinmədən.
Fərid Novruzinin fərqli dini baxışının olması barədə mətbuatda yazılıb və bu haqda geniş danışmağa lüzum görmürük. Ancaq deyiləcək söz budur ki, Ramazan ayında və digər dini bayramlarda restoranlarda ətrafına "din yoldaşları"nı yığmaqansa, birbaşa məsul olduğu işlə maraqlanmaq daha gözəl olardı. Novruzinin hansı dini cərəyana mənsub olması təbii ki, şəxsi işidir. Amma federasiya rəhbəri kimi hesabat vermək borcu var. Yeri gəlmişkən, dövlətimiz bütün dinlərə tolerant yanaşsa da, İslam dinini parçalayanlara qarşı münasibət heç də belə deyil.

Bildiyiniz kimi yay mövsümü çimərlik futbolu üçün ideal vaxtdır və ilin bu vaxtında əksər ölkələrdə çempionatlar keçirilir. Bəs Azərbaycanda? Yay gələn kimi sanki federasiya rəhbərliyi ölkədən didərgin düşür, kimisə Bakıda tapmaq müşkülə çevrilir, sorğular cavabsız qalır.

Xatırlayırsınızsa, əvvəlki yazılarımızda Fərid Novruzi-Elxan Məmmədov ortaq biznesi haqda yazmışdıq. Şübhəsiz ki, bu mövzu haqda yazılarımız davamlı olacaq, bilmədiyiniz bir çox məqamlara aydınlıq gətirməyə çalışacağıq.

Bəs işini bilməyən, rəhbərlik etdiyi qurum bircə uğura belə imza atmayan şəxs bu postda necə və hansı yollarla qalır? Deməli, dəstək böyük yerdəndir. Xaricdəki "görünməz əllər", daxildəki biznes ortaqları və günü gündən varlanan federasiya rəhbərliyi. Bununla da işimiz yox. Bəs məsul olduğun işi görmək lazım deyilmi? Xaricdən qrup və sekta toplamaqla bağlı verilən tapşırıqlar icra olunduğu kimi, hər bir şəxs üzərinə düşən işi də məsuliyyət və vicdanla həyata keçirməli deyilmi?

Bir də unutmaq lazım deyil ki, çimərlik futbolunda əziyyəti olan hər bir şəxsin haqqı federasiyanın və rəhbərliyinin üzərindədir. Barı məhv etdiyiniz insan talelərinə acıyın. Axı dinimizdə mənimsəmək haram və günah sayılır.






Fikirlər