Kamal Quliyevi Elxan Məmmədovla üz-üzə qoyan SƏBƏB və ya "Neftçala" niyə məhv edilir? — İLGİNC TƏFƏRRÜATLA

Kamal Quliyevi Elxan Məmmədovla üz-üzə qoyan SƏBƏB və ya "Neftçala" niyə məhv edilir? — İLGİNC TƏFƏRRÜATLAR

Ölkə.Az Azərbaycan futbolunun pərdəarxası məqamları barədə silsilə yazılarını davam etdirir.

Ancaq bu dəfə söhbətimizi Azərbaycan futbolunun tanınmış simalarından biri, milli komandamızın keçmiş müdafiəçisi, "Neftçala" klubunun baş məqşçisi Kamal Quliyevin qol.az-a verdiyi müsahibənin üzərində quracağıq. Oxumayanlar üçün bildirək ki, veteran futbolçu müsahibədə üstüörtülü də olsa, yetərincə maraqlı məqamlara toxunub. Quliyev müsahibəsində bildirir ki, neçə illərdir birinci dəstədə çıxış etməkdən beziblər, hər dəfə çempion olsalar da, güclülər dəstəsinə buraxılmırlar. Səbəb isə maliyyə sənədinin təqdim edilməməsidir. Neftçala camaatından tutmuş, rayon rəhbərliyinə, deputata qədər olan bir sıra şəxslərin qınanıldığı söhbətin bu yerini oxuyaq:

"Mən bunu həm klub rəhbərliyi, həm də AFFA-nın baş katibi Elxan Məmmədovla müzakirə etdim. O vaxt klubumuzu dağıtmaq istəyirdim. Elxan müəllimlə görüşümdə də bildirdim ki, bu klubun qalmağındansa dağılmağı yaxşıdır. Ancaq bəzi futbolçulara heyfim gəldi. Bizdə elə futbolçular var ki, onları Azərbaycan futbolu üçün qazana bilərik. Bundan başqa hələ uzun illər bu cür komanda yaranmayacaq. Hazır komandamız var. Bizim heç nəyimiz “Rəvan”dan əskik deyil. Onlar məndən inciməsinlər. Olmayan bir “Rəvan” Premyer Liqada çıxış etdi. Ancaq çempion olan, heyətində Premyer Liqa üçün alışıb yanan futbolçulara malik bir komandanın ağzından vurdular. Təəssüf ki, səriştəsizlik, futbolumuzun əksinə verilən qərarlar bizi bu vəziyyətə gətirdi. Öz rəhbərliyimiz də söz verdi ki, gələn mövsüm hər şey qaydasında olacaq. Lisenziya ilə bağlı xüsusi bir hüquqşunas ayrıldı. Bu işlərlə necə lazımdırsa, məşğul oldular. Ancaq yenə sonda iki maliyyə sənədimiz çatmadı. Biz Premyer Liqada oynamaq üçün əlimizdən gələni edirik. Klub rəhbərliyi bunu bizdən də çox istəyir. Bu il üç futbolçumuz Premyer Liqada çıxış etdi. İnanın, oyunlarına baxanda elə bilirdik ki, biz oynayırıq".

Şərh etməzdən öncə Kamal Quliyevin üstüörtülü təhdidlərlə dolu bu cümlələrinə də nəzər salaq:

"Mən açıq deyirəm. Əgər komandamız Premyer Liqaya buraxılmasa, hamının iç üzünü açacam. Ruzini verən Allahdır. Kamal Quliyev futbolda olmaya da bilər. Təki futbolumuz düz yolda olsun. Heç kimdən çəkinəcəyim yoxdur, heç kimin yanında başım aşağı deyil. Gizlətmirəm, klub rəhbərliyi ilə də görüşüb, onların yanında olan nüfuzumdan istifadə edərək əlimdən gələni edəcəm ki, komanda dağılsın. Çünki I diviziona belə komanda lazım deyil. Bu komanda I diviziondan doyub. Nə qədər eyni komandalarla oynamaq olar? Guya Premyer Liqada 10 komandanın olmağı yaxşıdır? Bunlar bir-birilə qarşılaşmaqdan bezmirlər? Bölgələrdə də futbol yaratsalar, nə olar ki?"

İndi isə lap əvvələ qayıdaq...

"Neftçala" futbol klubu artıq beş ildir fəaliyyət göstərir. Yarandığı ilk ildən iddiasını ortaya qoyan kollektiv, son iki ildə birinci dəstənin çempionu olub. Keçən mövsüm çempion olsa da, premyer liqaya buraxılmadı, əvəzində ikinci yerin sahibi -"Rəvan" premyer liqaya qayıtdı. Ancaq qəribədir ki, "Neftçala"dan tələb olunan maliyyə sənədi onlardan tələb olunmadı. Ümumiyyətlə, bu maliyyə sənədi nədir ki, bir çox klublar onu vaxtında AFFA-ya, PFL-ə təqdim edə bilmirlər? İzah etməyə çalışaq...

Burada AFFA lisenziyalaşdırma komitəsinin tələbi budur ki, premyer liqadakı hər bir klub öz maliyyə mənbəyini dəqiq göstərməli, oyunçularla müqavilələri tam məbləğə bağlamalıdır. Yeri gəlmişkən, Azərbaycanda heç bir klub futbolçulara ödədiyi məbləği müqavilədə doğru göstərmir. Səbəb isə dövlətə daha az vergi ödəməkdir.

İkinci tələb klubun təqdim edəcəyi bank zəmanətidir. Yəni əgər klub fəaliyyətini dayandırarsa, yaxud yarışlardan imtina edərsə, futbolçulara olan borcu məhz bu bank tərəfindən ödənilsin.

Üçüncü tələb ondan ibarət olur ki, premyer liqada iştirak edən klubun 8 aşağı yaş qrupu komandaları olmalı və hər birinin çempionatda iştirakı təmin edilməlidir.

İndi gəlin görək bu meyarlara cavab verən neçə klubumuz var? Təbii ki, bir əlin barmaqlarının sayından artıq deyil. Həmin klublar da bu komandaları candərdi yaradıblar ki, əlavə problem yaranmasın. Bəs indiyə qədər Azərbaycan futboluna hansı klublar futbolçu yetişdirib? "Bakı", "Neftçi" "Turan" və "Kəpəz".

Qayıdaq "Neftçala"ya. Baxaq görək bu klubun bütün bunları etməyə gücü varmı? Təbii ki, yoxdur. Kamal Quliyev özü öz dili ilə deyir ki, əsas komandada cəmi bir neftçalalı var. Belə olan halda uşaq futbolu hardan olacaq? Quliyev buyurur ki, azarkeş oyunlarımıza gəlmir. Əlbəttə gəlməyəcək. Əgər öz yerlilərinin oyununa baxmayacaqlarsa, niyə gəlsinlər? Xüsusən də Neftçala kimi həssas bölgədə. Həssas deyərkən, təbii ki, belə məqamlara xüsusi önəm vermələri nəzərdə tutulur. Gənc mütəxəssis bildirir ki, icra başçısı və deputat bizimlə maraqlanmır. Məgər komanda yaradılanda icra başçısı və deputatla məsləhət olunmuşdumu ki, indi də kömək umulur?

Futbol aləmində hər kəs bilir ki, Kamal Quliyev Ramin Musayevə yaxın adamdır. Elə belə cəsarətli çıxışlarda həmin dostluğun da payı az deyil. Elxan Məmmədova qarşı danışmaq cəsarəti də məhz həmin "bulaqdan" qaynaqlanır. Qısaca desək, Kamal Quliyev Elxan Məmmədovdan çoxdan yanıqlıdır. Bu ədavətin kökü K.Quliyevin hələ "Abşeron" komandasında baş məşqçi olduğu dönəmlərə gedib çıxır. O vaxt "Abşeron" birinci dəstədə çempion olsa da, Elxan Məmmədov min bir hiyləylə bu klubu premyer liqaya buraxmadı və əvəzində indiyə kimi məramı və məqsədi heç kimə bəlli olmayan "Sumqayıt"ı yaradıb, sözün əsl mənasında premyer liqaya soxuşdurdu.

O "Sumqayıt"ı ki, məqsədi bəlli olmasa da, kimə və ya kimlərə xidmət etdiyi açıq-aydın görünür. Elxan Məmmədov və onun dost-tanışlarının həm gəlir, həm də eksperiment laboratoriyasıdır.

Məhz burada milliləşdirmə konveyeri açılıb. Dağıstandan heç kimə lazım olmayan futbolçuları gətirib milliləşdirib, böyük məbləğlərə həm klublara satır, həm də milliyə soxuşdururlar. Bunun da əsas səbəbi baş katibin bir tərəfinin o zonaya bağlı olmasıdır. Yəni Dağıstana.

"Neftçala" "Abşeron"un bir zamanlar yaşadığı aqibəti yaşamaqdadır. Səbəb isə Ramin Musayevlə Kamal Quliyevin dost olmasıdır. Açıq desək, Elxan Məmmədov onun "kurasiyasında" olmayan bir klubun güclülər dəstəsinə çıxmasında maraqlı deyil. Məmmədov istəməz ki, ona tabe olmayan klub premyer liqaya gəlsin.

Ramin Musayev "Neftçala"ya medalları təqdim edəndə açıq şəkildə təhqiredici ifadələr işlətməkdən belə çəkinməmişdi. Bunun hətta videogörüntüsü də var. Bildirmişdi ki, ötən il nə qədər çalışsam da, AFFA-da olan bəzi şəxslər şərəfsizlik edib bizə mane oldular. Bu sözün kimə ünvanlandığı gün kimi aydındır. Hər halda, şərhə ehtiyac olmadığını düşünürəm.

Ramin Musayev bir ara nüfuzundan istifadə edərək Kamal Quliyevi "İnter"ə gətirmək cəhdində də bulundu. Amma son anda hansısa qüvvə buna mane oldu. Bu isə dost cütlüyü daha da hövsələdən çıxardı.

İnsafən, "Neftçala" klubunun da haqlı olduğu tərəflər az deyil. Məsələn, "Zirə"nin uşaq komandaları yox idi. Amma "Vətən" idman cəmiyyəti və "Qarabağ" klubunun bəzi komandalarını ora verməklə məsələni həll elədilər. "Sumqayıt"da isə uşaq komandaları loru dillə desək, qısa müddətdə düz-qoş olundu. "Rəvan"Iın bu il aşağı yaş qruplarında 3 komandasını AFFA yarışlara getmədiyi üçün çempionatdan kənarlaşdırdı.

AZAL-ın aşağı yaş qrupları da bərbad haldadır. Belə olan halda AFFA-nın "Neftçala"dan tələbi nə ola bilər? Ən azından bu məsələdə bölgə təmsilçisinə kömək edə bilərdilər və etməliydilər. Əgər AFFA rəhbərliyi şəxsi ambisiya güdməyərək, doğrudan da Azərbaycan futbolunun, bölgə futbolumuzun inkişafına çalışırsa, bu, edilməliydi.

"Xəzər Lənkəran"ın da premyer liqada oynamayacağı dəqiqləşəndən sonra, çempionatın demək olar ki, Bakı təmsilçilərindən ibarət olacağı dəqiqləşməkdədir. Şübhəsiz ki, bu, Elxan Məmmədova daha çox sərf edir. Ən azı özünə və ətrafına manipulyasiya etmək üçün yeni şans yaranacaq. Zatən monopoliya bu şəxslərin əlindədir. Belə olan halda biz nə futbol oynaya biləcəyik, nə də azarkeşlər futbol görməyəcək.

AzerTaym.az






Fikirlər